Azərbaycan, Bakı, 02 sentyabr / Trend /
"Texnikabank" ASC-nin rəhbərliyi son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində gedən həqiqətəuyğun olmayan və qərəzli məlumatlarla əlaqədar bildirir ki, bankın "Bakı" filialının sabiq müdiri Zal Zakir oğlu Yusifovun törətdiyi cinayət əməlləri 2008-ci ilin avqust ayında bankın daxili nəzarət mexanizmləri vasitəsilə aşkarlanıb və bankın rəhbərliyi tərəfindən istintaq orqanlarına müraciət edilib. Bu barədə çərşənbə günü bankdan verilən məlumatda deyilir.
"Hazırda Yusifovun törətdiyi cinayət işinə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılır", - bankın məlumatında bildirilib.
613 saylı cinayət işi üzrə təqsirləndirilən şəxslərdən yalnız Zal Zakir oğlu Yusifov, İslam Zal oğlu Yusifov və Səmayə Hacan qızı Məmmədova bankın sabiq işçiləri olublar.
Kütləvi informasiya vasitələrində gedən qərəzli yazılar cəmiyyətdə yanlış fikir formalaşdırmaqla yanaşı, məhkəmə istintaqının işinə bu və ya digər şəkildə müdaxilə və təsir vasitəsi kimi dəyərləndirilir və bankın nüfuzuna məqsədli şəkildə xələl gətirmək cəhdləri kimi qiymətləndirilir.
1993-cü ildə yaradılmış "Texnikabank" ASC bank aktivlərinin həcminə görə Azərbaycanda 3-cü ən böyük bank olaraq ölkə iqtisadiyyatının daha da gücləndirilməsi naminə Avropa standartlarına uyğun bank xidmətləri göstərir. 592 nəfərdən ibarət peşəkar işçi heyəti ilə fəaliyyət göstərən bank 35 filialı ilə ölkəni əhatə edir. Bankın kredit siyasəti ölkə ərazisində sahibkarlığın inkişaf etdirilməsi və yeni iş yerlərinin yaranmasına təkan verən layihələrin maliyyələşməsinə yönəlib.