...

"Bank of Azerbaijan" filial şəbəkəsinin optimallaşdırılması üzrə iş aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2009 16:21 (UTC +04:00)
Ölkənin maliyə sektorunun liderlərindən biri olan "Bank of Azerbaijan" əhaliyə təklif olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə hazırda filial şəbəkəsinin optimallaşdırılması istiqamətində fəal iş aparır.
"Bank of Azerbaijan" filial şəbəkəsinin optimallaşdırılması üzrə iş aparır

Azərbaycan, Bakı, 23 sentyabr / Trend /

Ölkənin maliyə sektorunun liderlərindən biri olan "Bank of Azerbaijan" əhaliyə təklif olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə hazırda filial şəbəkəsinin optimallaşdırılması istiqamətində fəal iş aparır. Bu barədə çərşənbə günü bankdan verilən məlumatda deyilib.

"Filial şəbəkəsinin optimallaşdırılması "Bank of Azerbaijan"-ın ölkə üzrə filiallarının birləşdirilərək genişləndirilməsini nəzərdə tutur. Artıq cari ilin noyabr-dekabr aylarında bankın bir neçə kiçik filialının birləşməsi nəticəsində yaranmış 2 iri filial istifadəyə veriləcək", - "Bank of Azerbaijan"-ın İdarə Heyətinin sədri Xəyal Şərifzadə bildirib.

Bu filiallar Bakının Yasamal və Nərimanov rayonlarında açılacaq.

Nərimanov rayonundakı filial "Gənclik" metrostansiyası yaxınlığında, Yasamal rayonunda yerləşən filial isə "Elmlər Akademiyası" metrostansiyası, H.Cavid parkı yaxınlığında yerləşəcək.

"Bank of Azerbaijan" yeni filialların yerləşdirilməsinə diqqətlə yanaşır. İri filiallar əhalinin rahatlığı üçün daha fəal yerlərdə - metrostansiyaların yaxınlığında açılacaq. Hər bir filial avtomobillər üçün nəzərdə tutulmuş müasir "parking" ilə təchiz olunacaq. Həmçinin "Qara Qarayev", "Neftçilər" metrostansiyalarının yaxınlığında və mikrorayonlarda da filialların açılışı planlaşdırılır. Bu yaxınlarda bank Bakı Avtovağzal kompleksinin ticarət mərkəzində öz yeni filialını açıb.

"Bank of Azerbaijan"-ın filiallarının sayı nəinki saxlanılacaq, hətta Bakı və Azərbaycanın regionları üzrə yeni filialların açılışı sayəsində artacaq.

"Əhaliyə daha yaxın olmaq məqsədi ilə "Bank of Azerbaijan" 2010-2011-ci illərdə Azərbaycanın regionlarında yeni filialların açılışını planlaşdırır. Filiallar Sumqayıt, Quba, Gəncə, Lənkəran və Mingəçevir şəhərlərində açılacaq. Başqa sözlə, "Bank of Azerbaijan" regionların ölkə həyatında daşıdığı mahiyyəti dərk edərək, bu istiqamətdə filial şəbəkəsini genişləndirmək niyyətindədir. Sabirabad, Naxçıvan, Balakən, Zərdab və Ucarda bankın filialları artıq mövcuddur", - Şərifzadə deyib.

Bundan başqa, "Bank of Azerbaijan"-ın rəhbərliyi Bakının müxtəlif yerlərində olan valyuta mübadiləsi məntəqələrinin sayının azaldılması barədə qərar qəbul edib. Bu, ilk növbədə onların optimallaşdırılması məqsədini daşıyır. Filiallar nəzdində fəaliyyət göstərən mübadilə məntəqələri adi rejimdə işləyəcək.

Filial şəbəkəsinin optimallaşdırılması, təqdim olunan xidmətlərin çeşidi və məhsul xəttinin genişləndirilməsinə dair "Bank of Azerbaijan"-ın planları bununla məhdudlaşmır. "Bank of Azerbaijan" ölkənin biznes qurumlarına və fərdi şəxslərə böyük dəstək olaraq vətəndaşları öz məhsulları ilə sevindirməkdə davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti