Azərbaycan, Bakı, 02 oktyabr / Trend /
Cümə günü Azərdəmiryolbank-ın yaydığı məlumata əsasən, səhmdarlarının ümumi yığıncağının qərarı ilə bankın adının "DəmirBank"a çevrilməsi və bununla əlaqədar lazımi hüquqi prosedurların həyata keçirilməsi nəzərdə tutulur.
Bankın Müşahidə Şurasının rəhbəri Rəhman Hacıyevin dediyinə görə, Azərdəmiryolbank öz fəaliyyətinə 20 il əvvəl, 1989-cu ilin oktyabr ayında başlayıb. Bu illər ərzində bank bir çox nəaliyyətlər əldə edib və ölkənin aparıcı banklarından birinə çevrilib. Bankın gələcək inkişafı məqsədilə onun adının dəyişdirilməsi nəzərdə tutulur ki, "DəmirBank" adı da bankın fəaliyyətinin 20 illik tarixini olduğu kimi saxlayacaq.
İdarə Heyətinin sədrinin müavini Yusif Cabbarov ölkənin bank sektorunda rəqabətin gücləndirilməsi üçün "möhkəm brend"in vacibliyini vurğuladı. Bankın adının dəyişdirilməsi ilə əlaqədar bir sıra müzakirələr aparılıb, həmçinin geniş ictimaiyyətin və peşəkar reklam agentliklərinin münasibəti oyrənilib. Keçirilən tenderin nəticələrinə əsasən, əvvəlki loqotipin bəzi elementləri saxlanılmaqla bankın yeni loqotipi hazırlanıb. Həmçinin bu məqsədlə, brendin gücləndirilməsi proqramı hazırlanıb və artıq həyata keçirilir ki, bu da bankın gələlcək inkişafına öz müsbət təsirini göstərəcək.
Bir sıra hüquqi prosedurlardan sonra bankın adı "DəmirBank"a çevriləcək. Bankın adının dəyişdirilməsi onun müştəriləri ilə olan müqavilələrinə təsir etməyəcək. Mövcud olan bütün müqavilə və razılaşmalar öz hüquqi qüvvəsini olduğu kimi saxlayacaq.
Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Hollandiya Maliyyə İnkişaf Təşkilatı kimi böyük beynəlxalq maliyyə təşkilatları təmsil olunur.