...

Bakıda bankların Mərkəzi Avrasiya Federasiya Assosiasiyası təsis edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2009 16:05 (UTC +04:00)
Cümə axşamı Bakıda Mərkəzi Qafqaz, Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələri banklarının Mərkəzi Avrasiya Federasiya Assosiasiyasının təsis edilməsi barədə razılıq imzalanıb.
Bakıda bankların Mərkəzi Avrasiya Federasiya Assosiasiyası təsis edilib

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir İ.Xəlilova/

Cümə axşamı Bakıda Mərkəzi Qafqaz, Mərkəzi Avropa və Mərkəzi Asiya ölkələri banklarının Mərkəzi Avrasiya Federasiya Assosiasiyasının təsis edilməsi barədə razılıq imzalanıb.

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov mərasimdə deyib ki, federasiyanın yaradılmasında məqsəd maliyyə-bank sistemlərinin inteqrasiyasına yardım etmək, banklar arasında işgüzar əlaqələr yaratmaq və informasiya mübadilələri aparmaqdır. Bu, kadrların hazırlanmasına və təcrübə mübadiləsinə də kömək edəcək.

"Azərbaycan, Gürcüstan, Türkiyə, Tacikistan, Qırğızıstan və Ukraynanın Bank Assosiasiyaları bu federasiyanın tamhüquqlu üzvləri olacaqlar. Belarus, Mərkəzi və Şərqi Avropa ölkələrinin Bank Assosiasiyaları isə ilkin mərhələdə təşəbbüskar üzvlər kimi çıxış edəcəklər", - İsmayılov deyib.

Bakıda Azərbaycan, Gürcüstan və Belarus Bank Assosiasiyaları tərəfindən razılıq imzalanıb. Qalan assosiasiyalarla isə danışıqlar aparılır və yaxın günlərdə bu məsələlərin həll olunacağı gözlənilir.

Federasiyanın qərargahı Bakıda yerləşəcək.

"Bütün təsis sənədləri yığıldıqdan sonra qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunacaq", - İsmayılov deyib.

Federasiya hüquqi şəxs kimi fəaliyyət göstərəcək.

"Avropa Bank Federasiyasının analoqu olan bu qurum, Avrasiya məkanında ikinci federasiya olacaq və 11 ölkəni birləşdirəcək. Türkmənistanda hələ Bank Assosiasiyası yaradılmadığından, yeni təşkilata qoşula bilmir. Özbəkistanda isə bu barədə qəti qərar qəbul olunmayıb", - İsmayılov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti