Azərbaycan, Bakı, 29 oktyabr / Trend /
"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkil edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin balansında və xidmət dairəsində olan Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun, Suraxanı və Qaradağ rayonlarının ərazisində yerləşən bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sahələrinin "Təmiz Şəhər" ASC-yə təhvil verilməsi prosesi başa çatmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2008-ci il 6 avqust tarixli "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Sərəncamı əsasında həyata keçirilən proses oktyabrın 14-də başa çatıb.
Hal-hazırda Suraxanı və Qaradağ tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sahələrində tullantıları qəbul etmək imkanı olmadığından, əmələ gələn bərk məişət tullantıları Balaxanı poliqonuna daşınmalıdır.
"Təmiz Şəhər" ASC tərəfindən Balaxanı poliqonunun mənfi təsirlərini azaltmaq üçün hazırda poliqon ərazisində müvafiq işlərin yerinə yetirilməsinə başlanılmışdır - poliqon ərazisində olan tullantıların alışması və tüstülənməsinin qarşısının alınması, əraziyə daxil olan bütün maşın və şəxslərin qeydiyyatı, qəbul olunan tullantıların uçot sisteminin tətbiqi, daxili yolların təmiri, ərazinin hasarlanması və mühafizəsi və s.
Məlum olduğu kimi, bərk məişət tullantılarının idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqi də nəzərə alınmaqla, Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı arasında "Abşeronun Ekoloji Bərpası Proqramı" çərçivəsində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin icrasına da başlanılmışdır. Layihədə xarici ekspertlərin və məsləhətçi şirkətlərin iştirakı ilə poliqonların bərpası üzrə layihə sənədlərinin hazırlanması da nəzərdə tutulub. "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi çərçivəsində Balaxanı poliqonu dünya standartlarına uyğun olaraq yenidən qurulacaq.