Azərbaycan, Bakı, 29 oktyabr / Trend /
Oktyabrın 28-də ADA Şirkətlər Qrupu Direktorlar Şurasının geniş iclası keçirilib. İclasda Şuranın oktyabrın əvvəllərində Tbilisidə keçirilmiş strateji seminarda qəbul olunmuş "II faza - 2010-2013-cü illərdə ADA Şirkətlər Qrupunun inkişaf strategiyası" təsdiqlənib. Bu barədə ADA Group-un cümə axşamı yaydığı məlumatda deyilir.
Toplantıda aidiyyatı struktur rəhbərləri cari ilin doqquz ayı üçün maliyyə, satış, alış, xüsusi ticarət nişanlı məhsulların istehsalı, personalın hərəkəti və s. haqqında məruzə ediblər.
Məlumatda deyilir ki, bundan başqa "Almalı" mağazalar şəbəkəsində son zamanlar yaranmış çeşid azlığı ilə bağlı müzakirələr aparılıb.
Məlumatda deyilir ki, müzakirələrin nəticəsi olaraq, "Almalı" mağazalarında alıcılara təqdim olunan məhsul çeşidlərinin iki dəfəyədək artırılmasına dair qərar qəbul olunub.
Qərara əsasən "Dirçəliş" proqramı qəbul olunub ki, bu da "Almalı" marketlərinin tamamilə yeni səviyyədə alıcılara xidmət etməsinə şərait yaradacaq. Bu məqsədlə "Almalı" marketlərində genişmiqyaslı marketinq aksiyaları keçiriləcək, Azərbaycanın pərakəndəçilik tarixində ilk dəfə geniş alıcı kütləsinə 10 faizədək endrim əldə etməyə imkan verən "Almalı Club" kartları paylanacaq.
Aidiyyatı strukturlara noyabrın 15-dək qoyulmuş tapşırıqları icra etmək tapşırılıb.
Qeyd edək ki, toplantıda Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi, ADA Şirkətlər Qrupu Direktorlar Şurasının üzvü Yazqan Müsənnif də iştirak edib.
ADA Şirkətlər Qrupu 2005-ci ildə təsis olunub. Qrup "Almalı" mağazalar şəbəkəsinin sahibi və operatorudur. ADA Group-un əsas sərmayədarlarından biri Beynəlxalq Maliyyə Korporasiyasıdır (IFC). "Almalı" IFC-nin Azərbaycanın qeyri-neft sektorundakı ən böyük layihələrindən biridir.