...

Azərbaycanda 600 kq-dan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2009 18:29 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı istehlak bazarından 600 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 600 kq-dan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı istehlak bazarından 600 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə cümə axşamı nazirlikdən yayılan məlumatda deyilir.

Monitorinqlər Bakının Binəqədi, Nəsimi və Xətai rayonlarında, eləcə də Gəncə, Sumqayıt və Siyəzəndə aparılıb.

Ticarət obyektlərindən istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, balıq və süd məhsulları, pivələr, un məmulatları, sərinləşdirici içkilər, konservləşdirilmiş məhsullar, uşaq qidaları və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş hüquqi və fiziki şəxslər barəsində inzibati qanun pozuntusuna dair protokollar tərtib edilib.

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara ərzaq alarkən onların istehsal tarixlərinə və etiketlərinə diqqət yetirməyi tövsiyə edir.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixindən "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan Prezidentinin fərmanından sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 54 hüquqi şəxsə 203,2 min manat, 557 fiziki şəxsə isə 832,3 min manat cərimə tətbiq olunub.

Noyabrın 05-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti