Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycanın "Əmrah Sığorta" sığorta şirkəti nizamnamə kapitalını iki dəfə - iki milyon manata kimi artırır. Bu barədə cümə axşamı şirkətdən bildirilib.
"Kapitallaşma şirkətin yeganə səhmdarı olan fiziki şəxs hesabına həyata keçiriləcək", - şirkətdən bildirilib.
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi noyabrın 17-də "Əmrah Sığorta"nın yeni emissiyasını qeydə alıb. Sözügedən emissiya çərçivəsində nominal dəyəri 200 manat olan adi adlı sənədli beş min istiqraz buraxılıb.
"Əmrah Sığorta" şirkəti Azərbaycan bazarında 1993-cü ildən fəaliyyət göstərir. Azərbaycanın Maliyyə Nazirliyinin məlumatına əsasən, şirkətin haqları yanvar-sentyabr aylarında 0,14 milyon manat, ödəmələri isə 0,11 milyon manat təşkil edib. Şirkət üçü icbari olmaqla, 18 sığorta növü üzrə xidmət göstərmək üçün lisenziyaya malikdir.
Noyabrın 19-na olan rəsmi məzənnə 0,8027 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]