...

Azərbaycanın lizinq şirkəti 2009-cu il ərzində fəaliyyət yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2010 18:45 (UTC +04:00)
2009-cu il dekabrın 31-nə "AtaLizinq" ASC-nin lizinq portfeli 3,828 min manat təşkil edib. 2008-ci ilin analoji dövrü ilə müqayisədə lizinq potfeli 9% artıb.
Azərbaycanın lizinq şirkəti 2009-cu il ərzində fəaliyyət yekunlarını açıqlayıb

Azərbaycan, Bakı, 28 yanvar / Trend /

2009-cu il dekabrın 31-nə "AtaLizinq" ASC-nin lizinq portfeli 3,828 min manat təşkil edib. 2008-ci ilin analoji dövrü ilə müqayisədə lizinq potfeli 9% artıb. Bu barədə şirkətdən cümə axşamı yayılan məlumatda deyilir.

2009-cu ildə 34 lizinq müqaviləsi imzalanıb, bununla da 104 aktiv lizinq müqaviləsi fəaliyyətdə olub. Lizinqə verilmiş avadanlıqların həcmi 1,694 min manat təşkil edib. 2009-cu il ərzində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2,45 min manat olub.

2009-cu ilin sonunda cəmiyyətin lizinq portfelinin 95,13%-ni Bakı şəhəri, 4,87%-ni isə regionlar (Quba 1,11%, Mingəçevir 1,45%, Sumqayıt 0,5%, Dəvəçi 1,14%, Göyçay 0,21%, İmişli 0,23%, Lənkəran 0,23%) təşkil edib.

Portfelin sahələr üzrə göstəriciləri aşağıdakı kimi olub: inşaat - 27%, sənaye istehsalı - 9%, nəqliyyat - 40%, yeyinti sənayesi - 7%, ticarət - 10%, yol infrastrukturu - 1%, xidmət sahəsi - 5%, rabitə - 1%.

Cəmiyyət 2009-cu il ərzində bağlanmış müqavilələrlə hesabat ilini mənfəətlə bitirib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə "AtaLizinq" ASC-nin işlək aktivləri 10% artaraq 3,85 milyon manat olub. Cəmiyyətin hesabat dövrü ərzində gəlirləri 21,5% artaraq 1,148 min manat təşkil edib. Mənfəət 296 min manat, xalis mənfəət isə 231 min manat həcmində olub. Qeyd edək ki, 2009-cu ilin yekunlarına görə ROE 23,1%, ROA isə 5,7% təşkil edib ki, bu da 2008-ci ilin göstəriciləri ilə müqayisədə ROE - 4%, ROA - 2% azalma ilə müşahidə olunub.

"AtaHoldinq" ASC və "AtaBank" ASC tərəfindən təsis edilmiş "AtaLizinq" ASC 2004-cü ildən fəaliyyət göstərir və nizamnamə kapitalının həcmi 1 milyon manat təşkil edir.

Yanvarın 28-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti