...

Azərbaycanda ünvan reyestri sistemi təkmilləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2010 17:37 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi Norveçin "Statens Cartverc" Xəritəçəkmə Agentliyi ilə 2009-cu il dekabrın 1-dən etibarən "Azərbaycanın ünvan sisteminin təkmilləşdirilməsi" birgə layihəsinin həyata keçirilməsinə başlayıb.
Azərbaycanda ünvan reyestri sistemi təkmilləşdirilir

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi Norveçin "Statens Cartverc" Xəritəçəkmə Agentliyi ilə 2009-cu il dekabrın 1-dən etibarən "Azərbaycanın ünvan sisteminin təkmilləşdirilməsi" birgə layihəsinin həyata keçirilməsinə başlayıb. Bu barədə bazar ertəsi Dövlət Komitəsindən məlumat verilib.

Birgə layihənin həyata keçirilməsi üzrə danışıqlar 2007-ci ildən başlayıb. Layihənin məqsədi Azərbaycanda ünvan reyestrinin yaradılması və bu reyestrin beynəlxalq tələblərə uyğun səviyyədə aparılmasından ibarətdir.

Layihə üzrə başlanğıc missiyanın həyata keçirilməsi ilə bağlı Norveç Xəritəçəkmə Agentliyinin nümayəndələri Bakıda səfərdə olublar. Səfər bütövlükdə layihənin icrasının, kommunikasiya qaydasının, layihənin icrası zamanı məsuliyyətlərin bölgüsünün və digər icraedici məsələlərin müzakirəsini, eyni zamanda, layihə ilə bağlı professional məsləhətlərin verilməsini əhatə edir.

Norveç Xəritəçəkmə Agentliyinin nümayəndələri Əmlak Məsələləri Dövlət Komitəsində və onun qurumlarında bir neçə işgüzar görüşlər keçirib və komitənin müvafiq strukturları tərəfindən aparılan ünvan reyestrinin tətbiq edilməsi üzrə işlərlə tanış olublar.

Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları ilə keçirilmiş görüşlərdə ünvan reyestrinin yaradılması, onun mövcud vəziyyəti, strukturu və tərkibi, ünvan reyestrinin aparılmasındakı çətinliklərin aradan qaldırılması və gözlənilən nəticələr barədə fikir mübadiləsi aparılıb. Komitə əməkdaşları üçün Norveçdə mövcud olan ünvan reyestri barədə təqdimat keçirilib.

Azərbaycanda ünvan sisteminin təkmilləşdirilməsi layihəsinin Norveç hökuməti tərəfindən ayrılmış üç milyon Norveç kronu məbləğində qrant vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulur. Layihənin 1 dekabr 2009-cu il tarixində başlanıb və 30 iyun 2011-ci il tarixində başa çatması gözlənilir. Qrant sazişinin təqdim edilmiş ilkin variantına əsasən, ayrılacaq vəsait çərçivəsində Azərbaycanda ünvan reyestrinin yaradılması məqsədilə yalnız texniki məsləhətlərin göstərilməsi nəzərdə tutulurdu.

Qrant çərçivəsində işlərin ikinci mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə ünvan reyestrinin yaradılmasına dair tam texniki spesifikasiyalar hazırlanacaq ki, burada da həmçinin informasiya sisteminin yaradılması və texniki avadanlıqlar üzrə tələblər barədə məlumatlar öz əksini tapacaq. Bu mərhələ 2010-cu ilin fevral-iyun aylarını əhatə edəcək.

İkinci mərhələdə ünvan reyestrinin yaradılmasına dair hazırlanmış texniki spesifikasiyalar və tender sənədləri əsasında informasiya sisteminin hazırlanması və tətbiq edilməsi nəzərdə tutulub. Bu mərhələ 2010-cu ilin iyul ayından 2011-ci ilin iyun ayına qədər olan dövrü əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti