Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir Ü.İsmayılova/
İyulda Bakıda II Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək. Forum Maliyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən təşkil ediləcək. Bu barədə assosiasiyanın icraçı-direktoru Qafar Məcidov məlumat verib.
"Forumun keçirilməsi haqda qərar cümə axşamı Assosiasiyanın Müşahidə Şurasının növbəti iclasında qəbul edilib", - Məcidov deyib.
Onun sözlərinə görə, assosiasiya yaxın vaxtlarda forumun keçirilməsinə hazırlığa başlamaq niyyətindədir. Foruma həm yerli, həm də xarici qonaqlar dəvət olunacaqlar.
İlk Azərbaycan Beynəlxalq Sığorta Forumu 2008-ci il iyulun 10-11-də Bakıda keçirilib və Azərbaycanın sığorta bazarının inkişaf tendensiyalarına, Avropa ölkələrinin sığorta bazarının Azərbaycan sığorta sektorunun inkişafına təsirinə, həyat sığortasının inkişafına, ölkənin maliyyə sisteminin hissəsi kimi sığorta bazarının təhlilinə və sığortada korporativ idarəetmə məsələlərinə həsr olunub.
Forumda Polşa Təkrar Sığorta Cəmiyyətinin nümayəndələri, SFS şirkəti, "Rusiya" Sığorta Cəmiyyəti, Köln Təkrar Sığorta Səhmdar Cəmiyyətinin Moskva nümayəndəliyi, "Allianz" QSC, "РОСНО" SŞ, "İnqosstrax" və başqaları iştirak ediblər.
Azərbaycan Sığortaçılar Assosiasiyası 2006-cı ilin dekabrında təsis edilib. Ölkədə fəaliyyət göstərən sığortaçıların hamısı Assosiasiyanın üzvüdür. Təşkilatın Müşahidə Şurasına Azərbaycanın beş sığorta şirkəti daxildir - MBASK, "Standard Insurance", Beynəlxalq Sığorta Şirkəti, "Azərsığorta", "Atəşgah".