...

Azərbaycanda dövlət istiqrazlarının yerləşdirilməsi üzrə birja komissiyaları azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2010 16:12 (UTC +04:00)
Aprelin 14-də Bakı Fond Birjasının İdarə Heyətinin növbəti yığıncağında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların yerləşdirilməsi üzrə birja komissiya haqlarına yenidən baxılması məsələsi müzakirə olunub.
Azərbaycanda dövlət istiqrazlarının yerləşdirilməsi üzrə birja komissiyaları azalıb

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Aprelin 14-də Bakı Fond Birjasının İdarə Heyətinin növbəti yığıncağında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların yerləşdirilməsi üzrə birja komissiya haqlarına yenidən baxılması məsələsi müzakirə olunub. Bu barədə birjanın çərşənbə günü yayılan məlumatında deyilir.

Yığıncaqa sədrlik edən Bakı Fond Birjasının İdarə Heyətinin sədri Xəyal Abdinov 2009-cu ildə Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi zamanı birja tərəfindən tutulan komissiya haqlarının aşağı salınması barədə qərar qəbul edilməsindən bəhs edərək bildirib ki, bu qərar dövlət istiqrazlarının ilkin və təkrar bazarlarının stimullaşdırılmasını təmin edib. Son zamanlar inflyasiyanın səviyyəsinin aşağı düşməsi ilə əlaqədar dövlət istiqrazlarının gəlirliliyinin də azalması nəzərə alınsa, BFB tərəfindən əlavə güzəştlərin tətbiq edilməsinin məqsədəuyğun olması qeyd edilib.

Beləliklə, dövlət istiqrazlarının yerləşdirilməsi üzrə birja komissiya haqlarının ümumilikdə təqribən 2 dəfə azaldılaraq müddəti 35 gün olan istiqrazlar üzrə 0,04%, 91 gün olan istiqrazlar üzrə 0,07%, 182 gün olan istiqrazlar üzrə 0,09%, 364 gün olan istiqrazlar üzrə 0,25%, 728 gün olan istiqrazlar üzrə 0,25% və 1092 gün olan istiqrazlar üzrə 0,25% səviyyəsində müəyyən edilməsi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti