...

ABŞ Amerika valyutasının saxtalaşdırılmasına əlyeri qoymur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2010 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir N.İsmayılova/

Cümə axşamı ABŞ-ın Azərbaycandakı Səfirliyi 2011-ci il fevralın 10-dən dövriyyəyə daxil olacaq 100 dollarlıq əsginazın yeni dizaynını təqdim edib. Bunu təqdimat zamanı səfirliyin iqtisadi məsələlər üzrə müşaviri Şennon Ranyon deyib.

"Yeni əsginazın fərqi ondadır ki, onun üzərində iki müdafiə elementi var - üçqat müdafiə lenti və mürəkkəbqabı fonunda zəng təsviridir ki, bu da saxta əsginazdan qabaqcıl müdafiə texnologiyasını əks etdirir", - Ranyon deyib.

Onun sözlərinə görə, yeni dəyişikliklər əhalinin əsginazların həqiqi olmasını müəyyən etməyə imkan yaradır. Bununla yanaşı, yeni əsginazda köhnə banknotun dizaynında olan müdafiə vasitələrindən istifadə olunub.

100 dollarlıq əsginaz ABŞ-da ən iri banknot olduğundan, onun yeni versiyası dövriyyəyə yenilənmiş dizaynda daha aşağı nominallı banknotun istifadəyə verilməsindən sonra buraxılacaq (yeni dizaynda 20 dollarlıq əsginaz 2003-cü ildə, 50 dollarlıq əsginaz 2004-cü ildə, 10 dollarlıq 2006-cı ildə, 5 dollarlıq əsginaz 2008-ci ildə buraxılıb).

"Dövriyyəyə yeni əsginazların buraxılması onların saxtalaşdırlmasının qarşısının alınması məqsədi daşıyır. Bu gün dövriyyədə olan valyutanın ümumi həcmindən 0,01 faizdən az həcmdə banknot saxtalaşdırılır",  - səfirliyin müşaviri bildirib.

Hazırda dövriyyədə 100 dollar nominalında 6,5 milyard əsginaz var.

ABŞ Səfirliyinin bəyanatına görə, yeni əsginazın buraxılması zamanı köhnənümunəli banknotların dəyişdirilməsi tələb olunmur. 1861-ci ildən sonra buraxılan Amerika banknotlarının hamısı öz nominal dəyərini tam saxlayır.

Yeni əsginazlar kimi, köhnədizaynlı banknotlar da qanuni ödəniş vasitəsi olaraq qalır və özünün tam nominal dəyərini saxlayır və bu, hər hansı Amerika valyutasının geri çağırılmasına və ya devalvasiyasına səbəb olmayacaq.

Xəbər lenti

Xəbər lenti