...

Azərbaycanda 100 faizlik İran kapitalı ilə yeni bank yaradılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2010 11:06 (UTC +04:00)
"Bank Melli İran" Azərbaycanda öz investisiya yatırımları hesabına yeni bank yaratmağı planlaşdırır. Bu barədə Trend-ə bazar ertəsi Bakıda səfərdə olan bankın rəyasət heyətinin sədri və icraçı direktoru Mahmud Rza Xavəri bildirib.
Azərbaycanda 100 faizlik İran kapitalı ilə yeni bank yaradılır

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbirlər T.Cəfərov, N.İsmayılova/

"Bank Melli İran" Azərbaycanda öz investisiya yatırımları hesabına yeni bank yaratmağı planlaşdırır. Bu barədə Trend-ə bazar ertəsi Bakıda səfərdə olan bankın rəyasət heyətinin sədri və icraçı direktoru Mahmud Rza Xavəri bildirib.

"Bu planlar Azərbaycanla İran arasında mal dövriyyəsinin 10 milyard dollaradək çatdırılacağı haqda proqnozlarla bağlıdır", - Xavəri deyib. - "Bu məqsədə nail olmaq üçün biz yeni bank yaratmağı qərara aldıq". Hazırda iki ölkə arasında illik mal dövriyyəsinin həcmi 700 milyon dolları ötmür.

"Bank Melli İran"ın filialı Bakıda 1993-cü ildən fəaliyyət göstərir.

Xavərinin sözlərinə görə, bu gün "Bank Melli İran"ın aktivlərinin xüsusi çəkisi İran banklarının aktivlərinin ümumi həcminin 30 faizini təşkil edir.

"Bu gün Azərbaycan Mərkəzi Bankı idarə heyətinin sədri Elman Rüstəmovla görüşdə AMB rəhbəri tərəfindən müsbət qarşılanan yeni bankın yaradılması ilə bağlı müzakirələr aparıldı", - Xavəri deyib. - "Və biz bank fəaliyyəti üzrə lisenziyanın alınması üçün çərşənbə axşamı və ya çərşənbə günü Mərkəzi Banka rəsmən müraciət etmək niyyətindəyik".

Onun sözlərinə görə, bu bank Azərbaycan bankı olacaq, lakin 100 faizlik İran kapitallı sayılacaq. Yeni bankın filialları təkcə Bakıda deyil, həm də Azərbaycanın iri şəhərlərində açılacaq.

"Belə bankın yaradılması Azərbaycanla İran arasında pul-kredit mübadiləsinin sadələşdirilməsinə kömək edəcək", - Xavəri deyib.

Bank kapitalının formalaşması tələbata uyğun həyata keçiriləcək, lakin bank öz fəaliyyətinə, ən azı, 50 milyon dollar səviyyəsində kapitalla başlayacaq.

Lakin onun sözlərinə görə, hesabların açılması vasitəsilə və kredit əməliyyatlarının genişləndirilməsi üçün Azərbaycanın tələbatının ödənilməsi məqsədilə bankın kapitalının artırılması mümkündür.

"Çox ehtimal ki, biz "Bank Melli İran"ın Bakı filialını saxlayacağıq, yeni bank isə ölkənin bank bazarına ölkə üçün müvafiq adla daxil olacaq", - Xavəri deyib.

"Bank Melli İran"ın Bakı filialı kimi yeni bankda əməkdaşların əsas hissəsi Azərbaycanın rezidentləri olacaq.

Bu günə Azərbaycanda 47 bank fəaliyyət göstərir, onlardan 23-ü ölkənin bank bazarında xarici kapitalla iştirak edir.

"Bank Melli İran" artıq 85 ildir fəaliyyət göstərir və onun əməkdaşlarının sayı 50 min nəfərə çatır.

Xəbər lenti

Xəbər lenti