...

Azərbaycan Mərkəzi Bankında tələbələr üçün "Karyera Günü" keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2010 20:24 (UTC +04:00)
Bu gün Azərbaycan Mərkəzi Bankı "Junior Achievement Azerbaijan" təşkilatı ilə birlikdə ali məktəb tələbələrinin iqtisadi biliklərinin artırılması məqsədilə"Karyera Günü" təşkil edib.
Azərbaycan Mərkəzi Bankında tələbələr üçün "Karyera Günü" keçirilib

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Bu gün Azərbaycan Mərkəzi Bankı "Junior Achievement Azerbaijan" təşkilatı ilə birlikdə ali məktəb tələbələrinin iqtisadi biliklərinin artırılması məqsədilə "Karyera Günü" təşkil edib. Bu barədə AMB-nin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Tədbirdə Azərbaycan Dövlət Neft Akademiyasının və Azərbaycan İqtisad Universitetinin "Junior Achievement Azerbaijan" təşkilatının üzvü olan 20-dən artıq tələbəsi iştirak edib. Tələbələrə Mərkəzi Bankın ölkə iqtisadiyyatındakı rolu, bankın struktur bölmələri, onların iş prinsipləri haqqında məlumat verilib.

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi, İnsan Resursları, Beynəlxalq əlaqələr, Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət və Kommunikasiya departamentlərinin rəhbərləri tərəfindən tələbələrə Azərbaycanda bankçılıq tarixi, Mərkəzi Bankın əsas funksiyaları, qlobal iqtisadi böhran zamanı atılan preventiv addımlar, bütövlükdə Azərbaycanın bank sisteminin inkişafı üçün həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.

İştirakçılar Mərkəzi Bankda karyera qurmaq imkanları ilə də tanış olublar. Onlara Mərkəzi Bankın müxtəlif departamentlərində internatura keçmək haqqında məlumat verildikdən sonra bu layihədə iştirak etmək üçün müraciət formaları paylanılıb.

"Junior Achievement Azerbaijan" təşkilatı 2003-cü ildən etibarən ölkənin təhsil ocaqlarında iqtisadiyyatın tədrisi proqramını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti