...

Üçüncü regional "Qərbi Azərbaycan İnfrastrukturu" sərgisi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2010 12:00 (UTC +04:00)
Ənənəvi olaraq sentyabr ayında Azərbaycanda sərgilər mövsümü başlayır. İlk olaraq ziyarətçilər üçün öz qapılarını regional layihə açacaq. Belə ki, 21-23 sentyabr tarixlərində 3-cü regional "Qərbi Azərbaycan İnfrastrukturu" sərgisi keçiriləcək.
Üçüncü regional "Qərbi Azərbaycan İnfrastrukturu" sərgisi

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Ənənəvi olaraq sentyabr ayında Azərbaycanda sərgilər mövsümü başlayır. İlk olaraq ziyarətçilər üçün öz qapılarını regional layihə açacaq. Belə ki, 21-23 sentyabr tarixlərində 3-cü regional "Qərbi Azərbaycan İnfrastrukturu" sərgisi keçiriləcək. Bu sərgi Gəncə şəhərində, sözügedən tədbirin daimi məkanına çevrilmiş Olimpiya Kompleksində keçiriləcək. Sərgiyə Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Gəncə Sahibkarlar Assosiasiyası tərəfindən dəstək verilir. "Iteca Caspian LLC" və "ITE Group PLC" şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. 2010-cu ilin payız sərgilərinin tərəfdaşları isə "Paşa Sığorta", "Azerfon-Vodafone", "Caspel", "SIAR", "Greenwich Travel" şirkətləridir.

Sərginin keçirilmə tarixi artıq növbəti dəfədir ki, Azərbaycanda ikinci ən genişmiqyaslı tədbir sayılan "Gəncə günləri"nə təsadüf edir. Bu il Gəncə şəhəri öz yaranmasının 2504-cü ilini qeyd edəcək. Sərgi Şəhər İcra Hakimiyyəti tərəfindən "Gəncə günləri"nə həsr edilmiş rəsmi tədbirlər planına daxil olunub.

Bu il sərgidə, təxminən, 30 şirkət iştirak edir. Bu şirkətlərdən əksəriyyətini regionlarda öz biznesini genişləndirmək arzusunda olan yerli şirkətlər təşkil edir. Ənənəvi olaraq, sərgi çoxsahəlidir və növbəti bölmələri əhatə edəcək; qida sənayesi, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları, energetika, inşaat, banklar və sığorta, nəqliyyat, infrastruktur, xidmətlər. Sərgidə əsas üstünlük sənayenin kənd təsərrüfatı və yeyinti kimi sektorlarına veriləcək. Santexnika, avadanlıqlar, interyer, inşaat materialları, pəncərə və qapılar, keramika və bəzək-naxış daşları, istilik və ventilə, döşəmələr, işıqlandırma, yaşıllaşdırma, sauna və hovuzlar kimi bölmələri nümayiş etdirəcək inşaat sektoru fəal şəkildə təqdim olunacaq. Gəncə-Qazax iqtisadi regionu inşaat sektoru üçün mühüm əhəmiyyət kəsb edir. Region dəmir filiz, alunit, əhəng daşı, mərmər, gips, kobalt, çınqıl, sement xammalı kimi faydalı qazıntılarla zəngindir. Burada iri panel evlərin tikintisi, dəmir-beton, kərpic, mərmər istehsalı zavodları, yüksək keyfiyyətli bentonit gilinin emalı üzrə zavod, latun və plasmas məmulatlarının, o cümlədən, polipropilen boruların istehsalı zavodu, çınqıl istehsalı müəssisəsi yerləşir. Bununla da region böyük potensiala və təcrübə mübadiləsinə, habelə inşaat sahəsində işgüzar əməkdaşlığın aparılması üzrə geniş imkanlara malikdir.

Sərginin daimi iştirakçıları arasında "Dizayn-Senay Azərbaycan", "Türk Yapı Senaye MMC", "Fatoğlu İstehsal", "Aselsan Bakı", "Yükseklik Ltd", "Mətanət A" və digər şirkətlərin adları var.

Ən vacib hadisələrdən biri isə, sərgi çərçivəsində Azərbaycanda artıq öz məhsullarının istehsalına başlamış yeni zavodların məhsullarının təqdim mərasimi olacaq. Ziyarətçilər sözügedən məhsulların ilk istehlakçıları olmaq, məhsulların bütün xarakteristikalarını görmək və onlarla yaxından tanış olmaq kimi unikal imkan əldə edəcəklər.

Regionlararası işgüzar strukturlar arasında biznes münasibətlərinin optimallaşdırılması məqsədi ilə sərgiyə Qərb regionu ilə qonşu olan ölkələr, o cümlədən, Rusiya və Gürcüstandan peşəkar ziyarətçilər dəvət olunublar. Bununla yanaşı, Belarus və Ukraynadan olan sahibkarların nümayəndə heyətləri üçün infotur təşkil olunacaq.

Keçirildiyi iki il ərzində "Qərbi Azərbaycan İnfrastrukturu" Azərbaycan Regional Sərgisi həm sərgi təşkilatçılarının iş portfeli, həm də ümumilikdə, ölkə iqtisadiyyatı üçün mühüm və parlaq hadisələrdən birinə çevrilib. Belə ki, sözügedən tədbirin başlıca məqsədi regionun layiqincə təmsil edilməsi və onun yerli işgüzar dairələrinin iqtisadi potensialı ilə beynəlxalq ictimaiyyəti tanış etməkdir. 2009-2013-cü illər üçün nəzərdə tutulmuş Azərbaycan Regionlarının Sosial-İqtisadi İnkişaf Proqramı ölkəyə xarici sərmayədarlar və iş adamlarının cəlb edilməsi üçün əlverişli zəmin yaratmaqla yanaşı, onların regiona investisiya qoyuluşları maraqlarını təşviq edir.

Bundan əlavə, ticarət-nəqliyyat yollarının kəsişməsində yerləşən Gəncə şəhəri, Gəncə-Qazax regionunun əsas sənaye mərkəzi olaraq, turizm, nəqliyyat, kənd təsərrüfatı və yeyinti sektorlarını intensiv şəkildə inkişaf etdirir. Bu proqrama əsasən, sərginin regionda başlıca vəzifələrindən biri inteqrasiya prosesini sürətləndirmək, Gəncə, qərb regionu və Azərbaycanın digər bölgələri, habelə Azərbaycan ilə əməkdaşlıqda maliyyə-iqtisadi maraqlara malik qonşu ölkələrlə işgüzar münasibətləri inkişaf etdirməkdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti