...

Azərbaycanlı sahibkarlara 400 min manat məbləğində güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2010 15:41 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə Gədəbəy rayonunda fəaliyyət göstərən 33 sahibkara 400 min manat məbləğində güzəştli kredit verib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir. Bu kreditlərin hesabına 76 yeni iş yerinin yaradılması nəzərdə tutulub.
Azərbaycanlı sahibkarlara 400 min manat məbləğində güzəştli kredit verilib

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə Gədəbəy rayonunda fəaliyyət göstərən 33 sahibkara 400 min manat məbləğində güzəştli kredit verib. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir. Bu kreditlərin hesabına 76 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Gədəbəy rayonunda Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 200-ə yaxın sahibkar iştirak edib.Tədbir çərçivəsində sahibkarlar üçün treninq də keçirilib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilmə qaydaları barədə ətraflı məlumat verilmiş, sahibkarlara güzəştli kreditlərin əldə olunma proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin (biznes-planların) hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib.

Tədbir iştirakçıları Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Tovuz rayonunda "Azəri-Kuban" Azərbaycan-Rusiya MMM tərəfindən inşa edilən, ümumi tutumu 30 min ton olan taxıl və "Primyer" MMC-in inşa etdirdiyi 1,5 min ton tutuma malik soyuducu anbar komplekslərində aparılan tikinti işləri, "Azəraqro LTD" şirkəti tərəfindən inşa olunan 2 min tonluq soyuducu anbar kompleksinin tamamlama işləri ilə tanış olublar.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kredit verilişi səlahiyyətli banklar və ümumi sayı 36 ədəd təşkil edən qeyri-bank təşkilatları vasitəsilə həyata keçirilir. 2009-cu ildə SKMF səlahiyyətli kredit təşkilatları vasitəsilə ümumi məbləği 30 milyon manat olmaqla, 2 100-dən çox kredit verib. Bununla da ötən il SKMF hesabına güzəştli kredit alan sahibkarların sayı 2008-ci illə müqayisədə 2,6 dəfə, kreditlərin həcmi isə 48 faiz artıb.

Fond 2010-cu ilin birinci yarısında 48,391 milyon manatlıq 559 layihəni maliyyələşdirib.

Fond 2010-cu ildə 115 milyon manat məbləğində, eləcə də dövlət büdcəsi vəsaitləri hesabına 44 milyon manatlıq güzəştli kreditlərin verilməsini planlaşdırır. 2010-cu ildə fond tərəfindən maliyyələşdirmə üçün prioritet istiqamətlər kənd təsərrüfatının inkişafı, yüngül və qida sənayesi seçilib.

Avqustun 20-də rəsmi məzənnə 0,8038 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti