Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir N.İsmayılova/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı ümumi çəkisi 500 kiloqrama yaxın saxlama müddəti ötmüş ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin məlumatında deyilir.
Monitorinqlər Bakının Binəqədi, Səbail, Nəsimi və Nərimanov rayonlarında, Lənkəran şəhərində və Tərtər rayonunda aparılıb.
Mağazalardan saxlama müddəti ötmüş ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində inzibati cərimələr tətbiq olunacaq.