Gürcüstan, Tbilisi, 1 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Baş nazirinin bəyanatına əsasən, son dövrdə inflyasiyanın tempi xeyli sürətlənib. Nika Qilaurinin hökumətin bu gün keçirilən iclasında dediyinə görə, bu, dünya istehlak bazarında qiymətlərin artmasından irəli gəlir.
"Bir neçə gün əvvəl Rusiyanın taxıl bazarı bağlanıb və Gürcüstan hökuməti alternativ bazarları axtarıb tapmaq və buğda idxalının diversifikasiyasına başlamaq tapşırığını alıb. Bu məsələ üzərində Kənd Təsərrüfatı Nazirliyi işləyir. Alternativ bazar kimi hökumət Ukraynanı seçib və oradan əlavə taxıl tədarükü ilə bağlı ilkin razılıq artıq alınıb. Söhbət 150 min tondan gedir ki, bu da müəyyən mənada ölkənin qiymət artımı səbəbindən düşə biləcəyi vəziyyəti yüngülləşdirəcək", - Baş nazir qeyd edib.
O, həmçinin qeyd edib ki, hökumətin toxumçuluq materialının yeniləşdirilməsini nəzərdə tutan uzunmüddətli fəaliyyət planı var. Məsələn, Gürcüstana həm ABŞ-dan, həm də digər ölkələrdən yüksəkməhsullu buğdanın toxumları gətirilərək fermerlərə paylanılacaq.
"Bununla əlaqədar olaraq, bir neçə ölkə ilə danışıqlar aparılır", - Qilauri sözünü tamamlayıb.