...

AİB-in vitse-prezidenti Azərbaycana gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2010 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Sentyabrın 15-dən 19-dək Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Siaoyu Jaonun Azərbaycana səfəri gözlənilir. Bu barədə şənbə günü bankın Bakı nümayəndəliyindən bildiriblər. O, bankın Cənubi Asiya, Mərkəzi və Qərbi Asiya departamentlərinə nəzarət edir.

"Səfərin əsas məqsədi Azərbaycanda həyata keçirilən layihələrin gedişi ilə tanışlıq və ölkədə gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarətdir", - nümayəndəlikdən bildiriblər.

2007-ci ilin sentyabrına qədər AİB-in dövlət zəmanəti altında maliyyələşdirdiyi layihələrin ümumi portfeli 104 milyon dollar təşkil edirdisə, indi bu 964,4 milyon dollaradək artıb. Azərbaycanın AİB ilə əməkdaşlığa başladığı vaxtdan - 1999-cu ildən üç layihə maliyyələşdirilib.

Lakin nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün "Multitranche Financing Facility" (MFF) mexanizminin təsdiqlənməsi nəticəsində portfel 304 milyon dollara yüksəlib. 2008-ci ildə bank iki kreditin - 160 milyon dollar enerji layihəsinə və 55,4 milyon dollar isə yol layihəsinə verilməsi haqqında qərar qəbul edib. Nəticədə AİB-in Azərbaycan üzrə portfeli 519,4 milyon dollar məbləğində formalaşıb. Lakin ötən il 75 milyon dollar və 350 milyon dollar kreditin təsdiq edilməsindən sonra bu il MFF-nin su sektoru üçün 600 milyon dollar, eləcə də sement zavodunun genişləndirilməsi və effektivliyin artırılması layihəsi üçün (2010-cu il) 20 milyon ayırması ilə portfel 964,4 milyon dollaradək yüksəlib.

Asiya bankı dövlət zəmanəti altında maliyyələşdirmə həcminin artırılması ilə yanaşı, Azərbaycanın bank sektorunun birbaşa maliyyələşdirilməsi üzrə əsas oyunçuya çevrilməyə başlayıb.

Bu gün AİB Azərbaycan bankları üçün 56 milyon dollar məbləğində kredit xətlərini təsdiq edib. Asiya İnkişaf Bankı hələ 2007-ci ilin yayında Azərbaycanın bank sektoru üzrə portfelin genişləndirilməsi və 120 milyon dollara çatdırılmasını elan etsə də, dünya maliyyə böhranının güclənməsi nəticəsində bank bütün açıqlanmış həcmi mənimsəyə bilməyib.

Sement zavodu üçün kredit AİB-in Azərbaycanın özəl sektorunda infrastruktura qoyduğu ilk yatırım olub.

AİB 1966-cı ildə təsis edilib və 67 üzvü var. Mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Azərbaycan Asiya bankının üzvlüyünə 1999-cu il dekabrın 22-də qəbul edilib və bankın kapitalında iştirak payı 0,5 faizdir.

AİB-in aparıcı səhmdarları Yaponiya və ABŞ (ümumi səhmdar kapitalının 31,2 faizi), Hindistan və Çin (12,8 faiz), Avstraliya, Cənubi Koreya, Kanada (16 faiz) və başqalarıdır.

Xəbər lenti

Xəbər lenti