...

Azərbaycan Mərkəzi Bankı ölkədə iqtisadi proseslərin proqnozlaşdırılmasının yaxşılaşdırılması məqsədilə treninq keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2010 19:28 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin effektivliyinin artması istiqamətində tədqiqat potensialının genişləndirilməsini davam etdirir.
Azərbaycan Mərkəzi Bankı ölkədə iqtisadi proseslərin proqnozlaşdırılmasının yaxşılaşdırılması məqsədilə treninq keçirib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinin effektivliyinin artması istiqamətində tədqiqat potensialının genişləndirilməsini davam etdirir. Bu məqsədlə Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) iqtisadi proseslərin hərtərəfli modelləşdirilməsi və proqnozlaşdırmasına imkan verən "Dinamik Stoxastik Ümumi Tarazlıq Modelinin qurulması" mövzusunda treninq təşkil edib. Bu barədə AMB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Sentyabrın 13-15-də keçirilən treninq dinamik stoxastik ümumi tarazlıq modelinin riyazi-analitik əsasının hazırlanması və ekonometrik metodlardan istifadə etməklə qiymətləndirilməsinə dair məsələlərə həsr olunub. Dünyanın qabaqcıl mərkəzi banklarında istifadə olunan dinamik stoxastik tarazlıq modelləri iqtisadi sikllərin dərin tədqiqinə və real biznes sikl modellərinin hazırlanmasına imkan verir. Treninq nəticəsində əldə olunacaq biliklərin iştirakçıların iqtisadi proqnozlaşdırma potensialının təkmilləşdirilməsinə xidmət edəcəyi gözlənilir.

Treninq Polşa Milli Bankının iqtisadiyyat üzrə müşaviri Marsin Kolasa və iqtisadiyyat üzrə eksperti Andrzey Koçiecki tərəfindən ingilis dilində aparılır.

Treninqdə İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Dövlət Neft Fondu, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti