BMK-nın Azərbaycanda ipoteka kreditləşməsini bərpa etməsi dünya maliyyə böhranının təcrübəsinin öyrənilməsinin nəticələrindən asılıdır
Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İ.Xəlilova/
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) dünya maliyyə böhranının təcrübəsinin öyrənilməsini başa çatdıranadək, nə Azərbaycanda, nə də ümumiyyətlə ipoteka kreditləşməsi ilə məşğul olmayacaq. Bu barədə cümə axşamı Korporasiyanın Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova deyib.
"Biz hələ ki böhranın təcrübəsini ətraflı öyrənirik, BMK ipoteka kreditləşməsi ilə məşğul olmayacaq. İndi ipoteka ümumilikdə BMK üçün prioritet sektor deyil", - Əzimova bildirib.
Maliyyə Korporasiyası Azərbaycan üçün mənzil maliyyələşməsinə yalnız iki krediti təsdiq edib. "Unibank" üçün 7 il müddətinə 15 milyon dollar məbləğində və "DəmirBank" üçün 5 milyon dollar məbləğində krediti təsdiq edib. Halbuki Korporasiya 4-5 yerli banka ipotekanın inkişafına 40 milyon dollar verməyə hazır olub.
Böhran səbəbindən BMK ölkənin Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) kommersiyalaşdırılması üzrə biznes planından da imtina etməli olub.
"İpoteka Fondunun kommersiyalaşdırılması üzrə biznes planı hazır idi, lakin dünya maliyyə böhranı səbəbindən onun yeni şəraitə uyğunlaşdırılması lazım idi. İndi biznes planı məsələsinin yerinə yetirilməsi üç il bundan əvvəl olduğu kimi, aktual deyil, belə ki, böhran indi vəziyyəti dəyişib", - Əzimova qeyd edib.
Onun sözlərinə görə, indi İpoteka Fondunun strateji rolu mütəxəssislərin güman etdiyindən fərqli olaraq, bir qədər başqadır. "Böhranın təcrübəsi beynəlxalq mütəxəssislərin AİF-ə fəaliyyətinin dəyişdirilməsi üzrə təkliflər verməsi üçün lazımi dərəcədə öyrənilməyib", - BMK nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, BMK-nın ipoteka kreditləşməsinin inkişafı sahəsində texniki yardımı hazırda iki istiqamətdə - "İpoteka istiqrazları haqqında" və "İnvestisiya fondları haqqında" qanun layihələrinin hazırlanması üzrə həyata keçirilir.
"İpoteka istiqrazları haqqında" qanun qəbul edildikdən sonra biz yəqin ki, gələcəkdə bu maliyyə alətinin buraxılması üzrə daha sıx işləyəcəyik, - Əzimova deyib. - Hazırda qanun layihəsi hələ də hazırlanma mərhələsindədir".
Azərbaycan İpoteka Fondu 2005-ci ilin dekabrında yaradılıb, 2006-cı ilin martında Azərbaycanda ipoteka kreditlərinin verilməsinə başlayıb. 2007-ci ilin iyununda Fond maliyyələşdirmənin çatışmazlığı ilə bağlı kreditlərin verilməsini dayandırıb və 2009-cu ilin iyun ayında kreditləşdirməni bərpa edib. Ötən ildən AİF təmin edilən və təmin edilməyən ipteka istiqrazlarının buraxılmasına da başlayıb.