...

Yeni standartlara keçid müəssisələrin marağındadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2010 12:16 (UTC +04:00)
2008-ci ilin sonlarında Azərbaycanda sayı 50-yə çatan audit şirkətlərinin sırasına "Biznes Audit" MMC-də qoşulmuşdur; baxmayaraq ki, həmin dövrdə audit və maliyyə xidmətləri bazarına daxil olmaq yeni keyfiyyətlər tələb edirdi. Bu dövr ölkəmizdə yeni audit və mühasibat uçotu standartlarının tətbiqinin başlanğıcı kimi tarixə düşmüşdür ki, "Biznes Audit" MMC də belə vacib bir dövrdə bazara daxil olmuşdur. Bu işdə müasir düşüncəli, beynəlxalq səviyyəli biliklərə yiyələnmiş peşəkarların özlərinə inamları böyük rol oynamışdır.
Yeni standartlara keçid müəssisələrin marağındadır

2008-ci ilin sonlarında Azərbaycanda sayı 50-yə çatan audit şirkətlərinin sırasına "Biznes Audit" MMC-də qoşulmuşdur; baxmayaraq ki, həmin dövrdə audit və maliyyə xidmətləri bazarına daxil olmaq yeni keyfiyyətlər tələb edirdi. Bu dövr ölkəmizdə yeni audit və mühasibat uçotu standartlarının tətbiqinin başlanğıcı kimi tarixə düşmüşdür ki, "Biznes Audit" MMC də belə vacib bir dövrdə bazara daxil olmuşdur. Bu işdə müasir düşüncəli, beynəlxalq səviyyəli biliklərə yiyələnmiş peşəkarların özlərinə inamları böyük rol oynamışdır.

"Biznes Audit" MMC-nin direktoru maliyyəçilər və mühasiblər arasında yaxşı tanınmış bir insan - Natiq Şirinovdur. Onun yazdığı "Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Xüsusi hissənin izahı" adlı kitabı vaxtilə böyük rezonans doğurmuşdu. Bu gün isə o, bilik və bacarığını peşəkar əməkdaşları ilə birlikdə maliyyə uçotunun, auditin təkmilləşməsinə sərf edir.

- Natiq müəllim,"Biznes Audit" MMC iş adamları, mühasib və maliyyə mütəxəssislərinin qarşılarına çıxan hansı problemlərin həllində onlara kömək edə bilir?

- Audit lisenziyalı fəaliyyət olduğu üçün lisenziya almadan fəaliyyət göstərmək mümkün deyil. "Biznes Audit" MMC audit şirkəti olaraq həm özünün, həm də işçilərinin lisenziyası əsasında audit xidmətləri göstərir. Bundan başqa, firmamız iş adamlarına, mühasiblərə, maliyyə mütəxəssislərinə mühasibat və vergi uçotunun, əmək və sosial sığorta haqqında qanunvericiliyin tələblərinin həm izah olunmasında, habelə praktiki dəstək verilməsində kömək edir.

- Mühasiblər bu gün ən çox hansı məsələdə köməyə ehtiyac duyurlar?

- İş adamlarının, mühasiblərin, maliyyə mütəxəssislərinin əsas problemi yeni mühasibat standartlarının tətbiqi ilə bağlıdır. Qeyd edim ki, yeni standarta keçidlə bağlı 2004-cü ildə "Mühasibat uçotu haqqında" qanun qəbul olunub və 2008-ci ilin yanvarın 1-dən yeni standartın tətbiqi kommersiya təşkilatları üçün məcburi xarakter daşıyır. Bu, xüsusilə aktual məsələdir. İstər beynəlxalq, istərsə də yeni milli mühasibat uçotu standartlarını tətbiq etmək, Vergi və Əmək Məcəlləsinin tələblərinə riayət etmək hər bir müəssisə üçün çox vacibdir. Belə olduqda, gələcəkdə müəssisələr də hər hansı dövlət qurumlarının yoxlamaları zamanı problemlərlə üzləşməzlər.

- Yeni mühasibat uçotu standartlarına keçiddə çətinliklər ən çox nədən qaynaqlanır?

- Hər bir işin bazasında, ilk növbədə, nəzəri bilik durur. Əgər mühasibin nəzəri bilikləri yoxdursa, praktiki nə qədər dəstək olsan da, məqsədə nail ola bilmirsən. Ona görə də biz, ilk növbədə, tövsiyə edirik ki, mühasiblər Maliyyə Nazirliyinin rəsmi internet-saytında yerləşdirilmiş milli mühasibat uçotu standartlarının tətbiqi ilə bağlı şərh və tövsiyələrlə yaxından tanış olsunlar. Həmin şərhlər geniş misallarla verilmişdir. Yəni, ilk növbədə, nəzəri cəhətdən milli mühasibat uçotu standartları öyrənilməlidir ki, praktiki tətbiqlə bağlı problemlər yaşanmasın.

- Onda belə çıxır ki, mühasiblərin nəzəri bilikləri yetərli deyil...

- Yeni standartların tətbiqi ilə bağlı nəzəri baza, təəssüf ki, yetərincə deyil. Bu reallıqdır. Düzdür, bəzi iri müştərilərimiz olur ki, onlarda kifayət qədər səviyyəli mühasiblər, maliyyə mütəxəssisləri var. Bütövlükdə götürdükdə isə nəzəri biliklərin aşağı olması səbəbindən, yeni standartların tətbiqi bir o qədər də sürətli getmir. Ona görə, bunun tətbiqini sürətləndirmək hər bir müəssisə üçün vacib əhəmiyyət daşıyır. Çünki köhnə mühasibat uçotu ilə yeni mühasibat uçotu standartlarının konseptual baxımdan köklü fərqləri var. Ona görə bu məsələdə kifayət qədər hazırlıqlı olmaq lazımdır. Bəlkə də ilkin mərhələdə bu keçid asta gedir. Amma biz görürük ki, yeni standartlara keçid müəssisələri çox maraqlandırır.

- Digər həmkarlarınızdan fərqli olaraq, göstərdiyiniz xidmətlərin fərqləndirici xüsusiyyətlərindən nələri qeyd edə bilərsiniz?

- Bu barədə danışsam, həm özünütərif, həm də etikadankənar olar. Sadəcə, onu qeyd edim ki, müştərilərimizə əlavə köməkliklərimiz olur. Məsələn, qanunvericilik aktları dəyişdikdə, xidmət göstərdiyimiz müştərilərimizə yeni qanunvericilik aktları ilə tanış olmağı tövsiyə edirik. Məqsəd budur ki, onların uçotu günün tələblərindən geri qalmasın. Həmçinin, müştərilərimizlə mütəmadi təmasda oluruq. Sanki bizi onlarla qırılmaz tellər bağlayır.

- Audit yoxlamalarını həyata keçirməyiniz üçün neçə auditorunuz var?

- Hal-hazırda firmamızda 5 auditor çalışır. Onlardan ikisinin lisenziyası var. Qalan 3-ü imtahana hazırlaşır. Eyni zamanda, Beynəlxalq maliyyə hesabatları standartlarının tətbiqi ilə bağlı onlar kurslardan keçirlər. Bəziləri birinci imtahan mərhələsindən müvəffəqiyyətlə keçib. Artıq sənədlər diplomun alınması üçün Londona göndərilib.

- Natiq müəllim, qeyd etdiniz ki, Azərbaycanda özəl sektorda fəaliyyət göstərən şirkətlərdə və dövlət şirkətlərində müasir mühasibat, audit və idarəetmə sistemləri tətbiq olunmağa başlanmışdır. Bu yeni standartlara keçid təsərrüfat subyektlərinə nə verir?

- Bu, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasında xeyli əhəmiyyətli amildir. Xarici təsisçilər ölkəmizin şirkətlərinə investisiya qoyanda uçotun beynəlxalq maliyyə standartlarına uyğun aparılıb-aparılmaması ilə də maraqlanırlar. Beynəlxalq mühasibat uçotu standartında 4 əsas hesabat forması var - balans, mənfəət və zərər hesabatı, kapitalda dəyişikliklər haqqında və pul vəsaitlərinin hərəkəti haqqında hesabat. Xarici investorlar, adətən, həmin 4 hesabat forması ilə tanış olduqdan sonra, investisiya yatırmaq barədə qərar verirlər. Bu baxımdan, dünya iqtisadiyyatına inteqrasiyada yerli müəssisələrdə analoji prinsiplərlə uçotun aparılması əhəmiyyətli məsələdir.

- Bəs bu, audit xidmətləri bazarı üçün nə vəd edir?

- Yeni standartlara keçid auditorların özünün də təkmilləşməsini tələb edir. Bu, günün tələbidir. Peşəkar olmalısan ki, müştərin də xidmətinin səviyyəsindən razı qalsın. Sevindirici haldır ki, auditorlar təkmilləşmək istiqamətində xeyli iş görürlər. Auditorlar Palatası da bu işdə hər birimizə dəstək olur.

- Respublikamızda fəaliyyət göstərən hası şirkətlərin adlarını çəkə bilərsiniz ki, onlar  müştərilərinizdir?

- Xidmət göstərdiyimiz şirkətlər siyahısında tanınmış iri sənaye müəssisələri, sığorta şirkətləri, birja, tikinti şirkətləri var. Yəqin ki, müştəri məmnunluğunun nəticəsidir ki, müştəri bazamız daim genişlənir.

- Siz vaxtı ilə "Azərbaycan Respublikasının Vergi Məcəlləsi. Xüsusi hissəsinin izahı" adlı kitab da çap etdirmisiniz. Yəqin ki, bu kitabın yenilənmiş versiyası işıq üzü görəcək...

- Vergi Məcəlləsi iki hissədən - ümumi və xüsusi hissədən ibarətdir. Ümumi hissə vergi sistemini, vergitutmanın ümumi əsaslarını müəyyən edir. Xüsusi hissə isə ölkəmizdə tətbiq olunan 9 vergi növü üzrə vergiödəyicilərini, vergitutma obyektini, vergi dərəcələrini müəyyən edir. Bu sahədə ədəbiyyat çatışmazlığı maliyyəçilər üçün də problemlər yaradır. Ona görə də belə bir kitabın hazırlanması maarifləndirməklə yanaşı, daha çox zərurətdən irəli gəldi. Qeyd edim ki, kitab böyük maraqla qarşılandı, müsbət oxucu rəyi aldı. Həmin kitabda, təqribən, 260-a yaxın misalın olması maddələrin daha tez başa düşülməsinə kömək edir. Hazırda isə yeni nəşr üzərində işləyirəm. Bu nəşrdə, təxminən, 350 misal olacaq. Vergi Məcəlləsində baş vermiş əlavə və dəyişiklikləri son çap variantında nəzərə almağı düşünürəm.

Xəbər lenti

Xəbər lenti