Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Axundov/
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə AZS 455-2010 "Məhsulun eyniləşdirilməsi. Ümumi müddəalar" Dövlət standartı təsdiq edilib. Bu barədə Komitənin cümə günü yayılan məlumatında deyilir.
Bu standart Azərbaycan ərazisində istehsal olunan və realizə olunan məhsullara, ixrac olunan məhsullara, eləcə də Azərbaycanda realizə olunması üçün idxal olunan məhsullara şamil edilir. Bu standart eyniləşdirilmə işlərinin aparılması və nəticələrin tərtib edilməsi üzrə ümumi müddəaları müəyyənləşdirir. Bu standartın tətbiqi üçün müəyyən növ nəzarət fəaliyyəti və oxşar məhsul qrupu üçün eyniləşdirilmə prosedurlarını müəyyən edən normativ sənədlər hazırlana bilər.
Məhsulun eyniləşdirilməsi istehlakçının haqsız istehsalçıdan (tədarükçüdən, satıcıdan) qorunması, ətraf mühit, insanların sağlamlığı, həyatı və əmlakı üçün məhsulun qoyulan tələblərə uyğunluğunun təsdiq edilməsi məqsədi ilə aparılır.