...

Azərbaycan Aİ ilə assosiativ üzvlük haqqında danışıqların ikinci raundunu Brüsseldə keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2010 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Oktyabrın 4-5-də Brüsseldə Azərbaycan hökuməti və Avropa Komissiyası arasında Aİ Şurasının mayın 10-da üç Cənubi Qafqaz ölkəsi ilə danışıqların aparılmasına təqdim etdiyi mandat əsasında assosiativ sazişin bağlanması haqqında danışıqların ikinci raundunun keçirilməsi planlaşdırılır. Bu barədə bazar ertəsi xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Birinci görüş iyulun 16-da Bakıda keçirilib. Avropa tərəfindən danışıqlara Con Krayer, Azərbaycan tərəfindən Mahmud Məmmədquliyev rəhbərlik edib.

"Danışıqlarda məsələlərin geniş spektri dörd istiqamətdə - siyasi dialoq, o cümlədən təhlükəsizlik, ədliyyə və insan hüquqlarının qorunması, iqtisadi, sosial-humanitar və ticari məsələlər müzakirə ediləcək", - Məmmədquliyev qeyd edib.

"Son istiqamət gələcəkdə Azərbaycan məhsullarının Aİ-yə ixracına şərait yaradacaq. Biz Aİ ölkələrinə bir neçə min məhsul növünün rüsumsuz ixracı üzrə güzəştlərdən artıq istifadə edirik, lakin təəssüf ki, bu məsələdə başlıca problem malların keyfiyyəti olaraq qalır", - bundan əvvəl Məmmədquliyev deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olmasına tərəfdardır. "Odur ki, biz bu məsələləri (ticarət rejiminə aid olan) ikitərəfli səviyyədə tənzimləyirik", - nazir müavini qeyd edib.

2010-cu ildə assosiativ saziş haqqında daha bir görüşün dekabrda Bakıda keçirilməsi gözlənilir.

İndiyədək Azərbaycan Aİ ilə tərəfdaşlıq və əməkdaşlıq haqqında bir saziş əsasında əməkdaşlıq edir. Assosiasiyalar haqqında gələcək saziş Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəz edəcək və prioritet istiqamətlərdə əməkdaşlığın əhəmiyyətli dərinləşməsini nəzərdə tutur.

Aİ ilə assosiativ sazişin imzalanması Azərbaycan, Ermənistan və Gürcüstan üçün insanların azad ticarəti və hərəkəti üçün vasitə olacaq. Bu sənəd Aİ ilə əməkdaşlığı yeni səviyyəyə qaldıracaq, Azərbaycana Avropa ölkələri ilə vahid azad ticarət zonası yaratmağa imkan verəcək. Lakin Aİ-nin tələblərinə görə, iddiaçı ölkə zonasında iştirak etmək üçün Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmaq lazımdır. Azərbaycan hələ ki ÜTT-də müşahidəçi ölkədir.

Assosiativ sazişin elementlərindən biri olan azad ticarət zonası və viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasında maraqlı olan Aİ ölkələri ilə əməkdaşlığın dərinləşməsi Avropa bazarlarına sərbəst çıxışa imkan verəcək.

2009-cu il sentyabrın 30-da üç Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirləri Brüsseldə Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq haqqında Aİ Şurasının illik sessiyasında iştirak ediblər. Bu görüşdə Cənubi Qafqaz ölkələrinin münaqişələrin həlli və hər üç ölkədə daxili islahatların aparılması üçün təsirli stimul olan Aİ-yə assosiativ üzvlüyünün perspektivləri barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti