Ukrayna, Kiyev, 7 oktyabr /Trend, xüsusi müxbir N.Novosviski/
Bu gün Kiyevdə Azərbaycan və Ukrayna tərəfləri hərbi-texniki və kosmik texnologiyalar sahələrində əməkdaşlıq haqqında razılığa gəliblər. Bu barədə jurnalistlərə iqtisadi əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan birgə hökumətlərarası komissiyasının səkkizinci iclası zamanı mətbuat konfransında Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubov deyib.
"Kiyev və Bakı təkcə Ukrayna və Azərbaycanın deyil, həm də digər ölkələrin istifadə edəcəyi yeni məhsulların istehsalı və hazırlanması barədə də razılaşıblar", - Eyyubov vurğulayıb.
Ukrayna Baş nazirinin müavini Andrey Klyuevin sözlərinə görə, tərəflər Azərbaycan neftinin Ukraynaya tədarükünün artırılması barədə də razılığa gəliblər.
Onun sözlərinə görə, 2010-cu il ərzində Ukrayna və Azərbaycan mal dövriyyəsini 2,6 dəfə artırıblar. Bunun sayəsində ölkələr mal dövriyyəsinin böhrandan əvvəlki səviyyəsinə yüksələ biliblər.
"Bu gün Bakı və Kiyev enerji, maşınqayırma, aqrar və mədəni sahələrdə əməkdaşlıq haqqında razılığa gəliblər", - Klyuev qeyd edib.
Klyuevin sözlərinə görə, hökumətlərarası komissiyanın növbəti iclası 2011-ci il mayın 8-də Bakıda olacaq. Onun sözlərinə görə, bundan başqa, Ukrayna və Azərbaycan 2015-ci ilədək uzunmüddətli əməkdaşlıq planını hazırlayırlar.