...

Azərbaycan və Litva nəqliyyat sahəsində əməkdaşlığı hökumətlərarası komissiya səviyyəsində davam etdirmək niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2010 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Oktyabrın 11-də Azərbaycan Nəqliyyat Nazirliyində Litva nümayəndələri ilə görüş keçirilib. Litvanın nəqliyyat və kommunikasiya naziri Eligiyus Masyulisin rəhbərlik etdiyi nümayəndə heyətini nəqliyyat naziri Ziya Məmmədov qəbul edib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Məmmədov son illər Azərbaycandakı sürətli inkişafdan söz açaraq, bunun iqtisadiyyatın bütün sahələrinin, o cümlədən nəqliyyat-yol kompleksinin inkişafına müsbət təsir göstərdiyini vurğulayıb və Azərbaycanın Litva ilə əməkdaşlığından danışıb.

Öz növbəsində litvalı nazir iki ölkə arasında iqtisadi əlaqələrin tərkib hissəsi kimi nəqliyyat sahəsində tərəflərin əməkdaşlığının genişləndiyini qeyd edərək, son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artımını xüsusi vurğulayıb.

Müzakirələr zamanı tərəflər ölkələrimiz arasındakı geniş əməkdaşlığa əsaslanaraq və bu əməkdaşlıq çərçivəsində imzalanmış "Litva Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıq" və "Litva Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında beynəlxalq kombinə edilmiş yük daşımaları" haqqında sazişlərin iki ölkə arasında nəqliyyat sahəsində hüquqi bazanın yaradılmasındakı əhəmiyyətini qeyd edərək, nəqliyyat əməliyyatlarının sadələşdirilməsi, ölkələr arasında daşımaların həcminin artması və müasir daşıma texnologiyalarının tətbiqi istiqamətində gələcək əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən danışıblar.

Xatırladaq ki, Azərbaycan və Litva hökumətləri arasında sərnişin və yüklərin beynəlxalq avtomobil daşımaları haqqında, həmçinin ticarət gəmiçiliyi haqqında sazişlərin imzalanması da nəzərdə tutulub.

Azərbaycan Hökuməti və Litva Hökuməti arasında 21 aprel 2008-ci il tarixdə imzalanmış iqtisadi, sənaye və enerji sahəsində əməkdaşlıq haqqında sazişin 9-cu maddəsinə əsasən, nəqliyyat sahəsində əməkdaşlıq üzrə nazirlərin rəhbərlik etdiyi Hökumətlərarası Müştərək Komissiya yaradılması barədə razılığa gəlinib. Litva tərəfi Komissiyanın ilk görüşünün 2011-ci ilin ilk rübündə Vilnüs şəhərində keçirilməsini təklif edir.

Xəbər lenti

Xəbər lenti