...

Balaxanı poliqonunun "Təmiz Şəhər" ASC-nin idarəetməsinə verilməsindən bir il ötür (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 2008-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq, Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun "Təmiz Şəhər" ASC-yə təhvil verilməsindən bir il ötür. Bu barədə ASC-nin cümə günü yayılan məlumatında deyilir.

Məlum olduğu kimi, vaxtilə Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda baş verən yanğın və tüstülənmə Bakı şəhərinin ekoloji vəziyyətinə və insan sağlamlığına böyük ziyan vururdu. Bu səbəbdən, "Təmiz Şəhər" ASC Balaxanı poliqonunun idarəetməsinə başlayan zaman, yanğın və tüstülənmə hallarının aradan qaldırılmasını ilkin hədəf kimi müəyyənləşdirdi. "Təmiz Şəhər" ASC-nin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində, qısa zamanda Balaxanı poliqonu ərazisində baş verən yanğınların qarşısı alındı. Bundan başqa, uzun müddət ərzində poliqonda yığılmış tullantılar çeşidlənərək torpaqlanmış, ərazi təmizlənmiş və hamarlanmış, daxili yollar bərpa edilmiş və yeniləri salınmışdır. 2010-cu il ərzində isə poliqonda səyyar və əsas inzibati binaların tikintisi başa çatdırılmışdır. Poliqonda mühafizə sistemi qurulmuş, əraziyə daxil olan tullantı daşıyan maşınların və qəbul olunan tullantıların qeydiyyat sistemi yaradılmışdır. Poliqon ərazisində tullantıların yeni qəbuletmə və çeşidləmə meydançası, həmçinin, təkrar emala yararlı tullantıların toplanması üçün anbar sahəsi qurulmuşdur. Bu ilin sonunadək poliqon ərazisinin tam hasarlanması işi başa çatacaq.

2010-cu il ərzində İqtisadi İnkişaf Nazirliyinin kollektivi ilə bərabər, "Təmiz Şəhər" ASC poliqon ərazisində bir neçə dəfə ağacəkmə aksiyası keçirmiş, poliqonun giriş hissəsi və ətraf ərazilər tullantılardan təmizlənərək ağaclar əkilmiş və yaşıllaşdırma işləri həyata keçirilmişdir.

Balaxanı poliqonunun idarəetməsində poliqonda çalışan insanların sağlamlığı və əməyin mühafizəsinə xüsusi diqqət yetirilir. Belə ki, poliqon ərazisində çalışan işçilərin təhlükəsizliyini təmin etmək üçün onlar lazımi geyim və ləvazimatlarla təchiz edilmiş, iş prosesi sanitar-gigiyenik normalara uyğun qurulmuşdur. "Təmiz Şəhər" ASC-nin mütəxəssisləri tərəfindən poliqon ərazisinin daimi ekoloji monitorinqi aparılır və ətraf mühitin müvafiq göstəricilərinin qeydiyyatı tətbiq edilir.

Yaxın gələcəkdə Balaxanı poliqonu yaxınlığında təkrar emala yararlı tullantıların əldə edilməsi məqsədilə yarımavtomatik çeşidləmə xətlərinin qurulması və poliqonu tərk edən bütün tullantı daşıyan maşınlar üçün yuma və dezinfeksiya məntəqələrinin işə salınması nəzərdə tutulur. Artıq bununla bağlı texniki əsaslandırma işləri başa çatmışdır.

Səhmdar Cəmiyyətin əsas hədəfi 2013-cü ilin sonunadək Balaxanı poliqonunu Avropa Birliyinin sanitariya və ekoloji standartlarına müvafiq olaraq tam bərpa etmək, tullantıların çürüməsi nəticəsində əmələ gələn bioqazdan enerji əldə edilməsi, çürüntü sularının drenaj sistemi ilə tutularaq təmizlənməsidir. Burada məqsəd çürümə nəticəsində əmələ gələn zərərli maddələrin yeraltı sulara qarışmasının qarşısının alınması, istilik effekti yaradan qazların ətraf mühitə atılmasını məhdudlaşdırmaq, insan səhhətinə mənfi təsirin aradan qaldırılması və poliqon ərazisinin konstruktiv istifadəsidir. Bununla əlaqədar, Dünya Bankının dəstəyi ilə həyata keçirilən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi çərçivəsində Balaxanı poliqonunun beynəlxalq standartlara uyğun bərpası ilə yanaşı, ətraf mühitə göstərilən təsirə nəzarət, həmçinin, yeni müasir poliqonların tikintisi üçün hazırlıq işləri də həyata keçiriləcək.

Qeyd olunan tədbirlər isə nəticə etibarilə Bakı və Abşeronda məişət tullantıları probleminin əsaslı həllinə, ekoloji vəziyyətin yaxşılaşmasına, zərərli tullantılar səbəbindən içməli suya, ətraf mühitə və insan sağlamlığına təhlükə törədən amillərin aradan qaldırılmasına imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti