...

Azərbaycanda istilik elektrik stansiyasının tikintisinin AİB-in zəmanəti ilə maliyyələşdirilmə məsələsi oktyabrın sonunadək həll ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir N.İsmayılova/

Asiya İnkişaf Bankının (AİB) zəmanətli dəstəyi ilə Azərbaycanda 760 meqavat gücə malik "Cənub" istilik elektrik stansiyasının tikintisi layihəsinə kommersiya bankları konsorsiumundan maliyyələşdirilmənin cəlb edilməsi məsələsi bu ayın sonunadək həll ediləcək. Bu barədə cümə günü AİB-in Bakı nümayəndəliyindən bildiriblər.

"Bu günədək AİB "Azərenerji" ASC ilə həll edilməsi oktyabrın sonuna gözlənilən yaranmış texniki məsələlərin yoluna qoyulması məqsədilə danışıqlar aparır", - bankdan deyiblər.

Bankdan verilən məlumata görə, bu danışıqların yekunu üzrə AİB-in zəmanətli dəstəyi ilə maliyyələşdirilmənin cəlb edilməsi məsələsi qəti olaraq müəyyən ediləcək.

Konsorsiuma üç bank - "Societe Generale", "BNP Paribas" və "City Bank" daxildir.

AİB-in Direktorlar Şurası iyunun 22-də 323,32 milyon dollar məbləğində zəmanətli dəstəyin verilməsini bəyənib. Danışıqların aparılmasına mandatın qüvvədə olma müddəti iyulun 16-da başa çatsa da, xarici bankların bu layihəyə marağını nəzərə alaraq, mandat məktubunun qüvvədəolma müddətinin uzadılmasına hazırlıq bildirilib.

İlkin razılığa görə, kredit 13 il müddətinə üç ili güzəştli dövr olmaqla təxminən "libor+1,55" faiz səviyyəsində ("libor" dərəcəsinin 1,4 faiz olmasını nəzərə alaraq, kredit üzrə ümumi faiz dərəcəsi təxminən dörd faiz səviyyəsində olacaq) veriləcək.

"Azərenerji" ASC-yə zəmanətli dəstək Asiya bankının Cənubi Qafqaz regionunda ilk belə təcrübəsi olacaq.

Layihənin ümumi dəyəri 664,1 milyon avro qiymətləndirilir. 2010-cu ildə tikinti işlərinə layihə üçün təsdiqlənən xarici borclardan 117 milyon avronun yönəlməsi planlaşdırılır. Bu günədək maliyyələşdirmə üçün 434 milyon avronun alınması təsdiqlənib.

Bu layihənin maliyyələşdirilməsi üçün üç bankın - "Bayerische Landesbank", "Societe Generale" və "Credit Suisse" konsorsiumundan artıq 300 milyon avro maliyyə vəsaiti alınıb. Kredit dövlət zəmanəti ilə 10 il muddətinə verilib. Bank konsorsiumunun kredit resursları stansiyanın tikintisi ilə bağlı olan işlərin xərcinin yarısını ödəyəcək.

İslam İnkişaf Bankı (İİB) cari il oktyabrın 20-də maliyyələşmənin 134 milyon avro məbləğinə razılıq verib. Asiya İnkişaf Bankı (AİB) da öz növbəsində, Azərbaycan hökumətinə kommersiya banklarından 20 milyon dollaradək kreditlərin cəlb edilməsinə zəmanətli dəstək göstərməyə hazır olduğunu ifadə edib. Bununla əlaqədar 2010-cu ilin iyulunda kredit sazişi imzalanıb.

Əbu Dabi İnkişaf Fondunun Direktorlar Şurası da 60 milyon dolların ayrılmasını təsdiqləyib.

"Cənub" stansiyası həm qazla, həm də mazutla işləyəcək.

Xəbər lenti

Xəbər lenti