...

Naxçıvan Avtomobil Zavodu "Lifan" markalı 300-dən çox avtomobil yığıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2010 19:07 (UTC +04:00)
Yaxın vaxtlarda Naxçıvan Avtomobil Zavodu (NAZ) "Lifan" markalı avtomobillərin yığımı üçün 100 maşın komplekti alacaq.
Naxçıvan Avtomobil Zavodu "Lifan" markalı 300-dən çox avtomobil yığıb (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E.İsmayılov/

Yaxın vaxtlarda Naxçıvan Avtomobil Zavodu (NAZ) "Lifan" markalı avtomobillərin yığımı üçün 100 maşın komplekti alacaq. Bu barədə cümə günü Trend-ə telefonla Naxçıvan Muxtar Respublikasında yerləşən zavodun icraçı direktoru Polad Sadıxov deyib.

Onun sözlərinə görə, zavod artıq 489 maşın komplekti alıb. Bu günə müəssisədə artıq "Lifan" markalı 302 avtomobil yığılıb. Yaxın vaxtlarda zavodda "Lifan" "off-road"larının (yolsuzluq) yığılmasına başlanacağı gözlənilir.

NAZ-ın yığdığı "Lifan" markalı avtomobillər sayəsində NMR-də taksi parkının dəyişdirilməsi və modernləşdirlməsi həyata keçirilir. Orada zavodun buraxdığı avtomobillərə xidmətin göstərilməsi üçün servis mərkəzi də var. "Lifan" markalı avtomobillərin satış və servis məntəqələri Bakıda da var.

Sadıxovun sözlərinə görə, avtomobilər həm mexaniki, həm də avtomatik ötürücü sürət qutusu ilə buraxılır. Yığım zamanı avtomobillərdə BMW 160, Lifan mühərrikləri quraşdırılır.

"Lifan" markalı avtomobillərin dəyəri 8400 və 12 700 manat arasında dəyişir.

Naxçıvan Avtomobil Zavodunun tikintisi 2008-ci ildə başlayıb. O, cari il yanvarın 11-də istismara verilib.

2009-cu ilin mayında Pekində keçirilən Azərbaycan-Çin biznes forumu çərçivəsində NAZ və "Chongqing Lifan Industry (Group) Imp.& Exp. Co., Ltd" Avtomobil Korporasiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə "Lifan" markalı minik avtomobillərinin Naxçıvanda yığılmasını nəzərdə tutur.

Zavodda Almaniya, Belçika və İtaliya istehsallı avadanlığının son modellərindən istifadə olunur. Zavodun ümumi ərazisi 2,6 hektar təşkil edir.

Zavodun gücü ildə beş min avtomobil istehsalından ibarətdir. Zavod işinin birinci ilində min ədəd avtomobil istehsal etməyi planlaşdırır. Zavodda yerli əlalidən 50 işçi işləyir. Avtomobillərin yığımı Çin mütəxəssislərinin nəzarəti ilə aparılır.

Xəbər lenti

Xəbər lenti