...

Region ölkələri ticari əlaqələrini dollar və avro ilə deyil, milli valyutaları ilə həyata keçirməlidir - İranın "Saderat" bankının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2010 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Cəfərov/

Region ölkələri ticari əlaqələrini dollar və avro ilə deyil, milli valyutaları ilə həyata keçirməlidir. Bu sözləri MDB-yə üzv dövlətlərin III Beynəlxalq Bakı Bank Konfransında xüsusi qonaq kimi iştirak etmək üçün Azərbaycana səfər etmiş İranın "Saderat" bankının rəhbəri, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Məhəmməd Cəhromi Trend-ə müsahibəsində bildirib.

"Dünyada valyuta səbətini dəyişmək üzrədir, dollar və avronun məzənnəsi hər gün aşağı düşür. Bu səbəbdən, təbiidir ki, beynəlxalq valyuta bazarlarında yeni valyuta səbətləri işlətmək lazımdır", -  Cəhromi deyib.

O əlavə edərək deyib ki, "Region ölkələrinə və mərkəzi banklara məsləhət görürəm ki, ticari əlaqələrində dollar və avro əvəzinə, öz milli valyutalarından istifadə etsinlər".

İran dəfələrlə ticari əlaqələrdə, neft-qaz alqı-satqısında milli valyutadan istifadənin zəruriliyini vurğulayıb. MDB ölkələri İranın bu təklifinə hələlik münasibət bildirməyib.

Cəhromi bankçılıq sistemlərinin ən yaxşısının islami bankçılıq olduğunu düşünür.

"Qərb ölkələri öz bankçılıq sistemlərini digər ölkələrdə tətbiq edir. Bu sistemdən istifadə maliyyə problemlərinin yaranmasına səbəb olur. Fikrimcə, ölkələr islami bankçılıq sisteminin qaydalarını araşdırmalı və istifadə etməlidirlər", - Cəhromi deyib.

O əlavə edib ki, hazırda ABŞ, Avropa və Asiya ölkələrinin bir çoxu islami bankçılığı araşdırır və bu sistemdən istifadə edir. Cəhromi vurğulayıb ki, banklar kredit siyasətlərində də dəyişiklik etməlidir.

İranın "Saderat" bankının rəhbəri İran və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsini istədiyini qeyd edib.

"Biz iqtisadi əlaqələrimizi inkişaf etdirməklə, əlaqələrimizi müxtəlif sahələrdə genişləndirə bilərik. Bakıya səfərim zamanı iki ölkənin özəl sektorunda əməkdaşlıqların artırılması və qarşılıqlı sərmayələrin yatırılması məqsədilə dövlət və özəl müəssisələrlə müzakirələr aparacağam", - Cəhromi deyib.

Hazırda İran və Azərbaycan arasında illik maliyyə dövriyyəsi 600 milyon dollar təşkil edir. İki ölkə rəsmiləri maliyyə dövriyyəsinin 10 milyard dollara çatdırılmasını planlaşdırırlar.

Beynəlxalq KİV-in məlumatına əsasən, ABŞ Maliyyə Nazirliyi İranın "Saderat" bankına qarşı sanksiyalar tətbiq edib. "İran "Saderat" bankı vasitəsilə "Hizbullah", "Həmas" və "Fələstin İslami Cihad" qruplarına pul köçürür", -  ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir. Bu səbəbdən, İranın "Saderat" bankına ABŞ-ın maliyyə sistemində birbaşa və ya vasitə ilə əməliyyatlar həyata keçirmək qadağan olunub.

Məlumata əsasən, İranın "Saderat" bankına qarşı Avropa Birliyi də sanksiya tətbiq edib.

Xəbər lenti

Xəbər lenti