Azərbaycan, Bakı, 25 oktyabr /Trend/
Bazar ertəsi Bakı Fond Birjasında (BFB) Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının üç milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə BFB-nin bazar ertəsi yaydığı məlumatda deyilir.
Sifarişlər 5 investor tərəfindən təqdim olunub. Sifarişlərin ümumi məbləği nominal üzrə 4 520 000 (faktiki 4 645 737,01) manat təşkil edir. Sifarişlər 102,7818 faiz qiymətdə təqdim edilib. Hərraca təqdim olunan istiqrazların bütün həcmi yerləşdirilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 milyon manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 11 dekabr 2019-cu ildir.
AİF-in istiqrazlarının emissiya prospekti Qiymətli Kağızlar Dövlət Komitəsində 2009-cu il dekabrın 30-da qeydiyyata alınıb.
İstiqrazların ümumi həcmi hər birinin nominal dəyəri bir min manat və illik faiz dərəcəsi 3,25 olmaqla 75 milyon manat olub. 2010-cu il fevralın 1-dən yerləşdirilməyə başlayan emissiyadan indiyədək 62 milyon manat həcmində istiqraz satılıb.
Oktyabrın 25-nə olan rəsmi məzənnə 0,8009 AZN/USD təşkil edir.