...

Azərbaycan bankı "Paşa Bank" "Sibos" beynəlxalq maliyyə xidmətləri sərgisində uğurla təmsil olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2010 18:20 (UTC +04:00)
Azərbaycan bankı "Paşa Bank"ın 25-29 oktyabr 2010-cu il tarixində Amsterdamda keçirilən "Sibos" maliyyə sərgisində eksponent qismində iştirakı xarici maliyyə institutları arasında geniş marağa səbəb olub.
Azərbaycan bankı "Paşa Bank" "Sibos" beynəlxalq maliyyə xidmətləri sərgisində uğurla təmsil olunub

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

Azərbaycan bankı "Paşa Bank"ın 25-29 oktyabr 2010-cu il tarixində Amsterdamda keçirilən "Sibos" maliyyə sərgisində eksponent qismində iştirakı xarici maliyyə institutları arasında geniş marağa səbəb olub. Bu barədə bankın cümə günü yayılan məlumatında deyilir.

"Paşa Bank"ın sərgidə iştirak edən rəhbərliyi dünyanın aparıcı bankları və maliyyə təşkilatları ilə çoxsaylı görüşlər keçirib, öz müxbir əlaqələri şəbəkəsini daha da genişləndirmək üçün konkret addımlar atıb. "Paşa Bank"ın əməkdaşları "Commerzbank", "Wells Fargo", "Groupe Crédit Agricole", "Citigroup", "Raiffeisen Bank International AG", LBBW, "Credit Suisse", RBS, "Barclays Bank" kimi nüfuzlu maliyyə strukturlarının rəhbərliyi ilə görüşlər keçirib onlarla gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

"Sərgidə rəsmi eksponent kimi iştirak edən ilk və yeganə Azərbaycan bankı olduğumuzdan, bizim missiyamız digər iştirakçıların missiyasından bir qədər fərqli idi. Biz sadəcə PAŞA Bankı deyil, eyni zamanda bütün ölkəni də ən yüksək səviyyədə təmsil etməli idik. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, biz qarşımıza qoyduğumuz vəzifəni müvəffəqiyyətlə yerinə yetirdik", - "Paşa Bank"ın idarə heyətinin sədri Fərid Axundov deyib.

Sərgidə keçirilən forum çərçivəsində Fərid Axundov Azərbaycanda İnvestisiya İmkanları haqqında geniş təqdimatla çıxış edib və Azərbaycanın iqtisadi inkişafının yüksək tempi, maliyyə sektorunun stabilliyi və ölkə rəhbərliyinin iqtisadiyyatın daha da liberallaşması istiqamətində həyata keçirdiyi reformalar haqqında auditoriyaya geniş və dolğun məlumat verib. Axundov öz təqdimatında Azərbaycan hökumətinin investorlara hərtərəfli dəstək göstərilməsi məqsədi ilə yaratdığı dövlət strukturları, Azərbaycandakı "bir pəncərə" qeydiyyat sistemi və sərmayə nöqteyi-nəzərindən iqtisadiyyatın perspektivli sektorları haqqında beynəlxalq bank icmasına danışıb.

"Paşa Bank"ın "Sibos" sərgisində iştirakı Avropa kütləvi informasiya vasitələrinin də marağını cəlb edib. Belə ki, dünyaca məşhur "Financial Times" qəzetinin aylıq buraxılışı olan "The Banker" jurnalı, "Dow Jones" qrupuna aid "Financial News", İsveçrənin maliyyə jurnalı "Finanz und Wirtschaft" və Almaniyanın "Banken & Sparkassen" və "Geldinstitute", İngiltərənin "Trade Finance" və "Emea Finance" jurnalları öz nəşrlərində "Paşa Bank"ın rəhbərliyi ilə müsahibələrə geniş yer verib və dünyanın maliyyə arenasında gənc və perspektivli bir bank kimi haqqında məqalələr dərc ediblər.

Bankın sərgidəki müvəffəqiyyətli iştirakını rəhbər tutaraq bank rəhbərliyi 2011-ci ildə Torontoda keçiriləcək "Sibos" sərgisində də iştirak etmək qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti