Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir A.Axundov/
2010-cu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanın lizinq şirkəti "UniLeasing"in lizinq portfeli 38,9 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövr göstəricisindən təxminən 20 faiz, ikinci rübün göstəricisindən isə 9 faiz çoxdur. Bu barədə bazar ertəsi şirkətdən bildiriblər.
Şirkətin respublikanın beş regional bölməsi (Gəncə, Quba, Şəki, Lənkəran, Saatlı) üzrə portfeli 4,2 milyon manat təşkil edib.
2010-cu ilin üçüncü rübü ərzində lizinq şirkətinin mütəxəssisləri tərəfindən 189 müqavilə bağlanılıb. Bunlara uyğun olaraq ümumi məbləği 9,6 milyon manatdan çox olan 212 lizinq obyektinin alınması maliyyələşdirilib.
Oktyabrın 1-nə olan məlumata görə, portfelin 45,5 faizi minik avtomobillərin, 16,5 faizi tikinti, 10,5 faizi xidmətlər, 7,66 faiz yük avtomobilləri, 7,2 faiz ticarət, 4,52 faiz daşınmaz əmlak, 4,42 faiz istehsal, 1,57 faiz bank sektoru, 1,06 faiz yeyinti sənayesi, 0,48 faiz tibb, 0,03 faiz kənd təsərrüfatı və 0,56 faizi digər sahələrin payına düşüb.
"UniLeasing" lizinq şirkətinin yaradılması ilə bağlı qərar 2004-cü il fevralın 24-də "Unibank" kommersiya bankının Müşahidəçilər Şurasının növbəti iclasında qəbul edilib. 2004-cü il iyunun 17-də "UniLeasing" QSC lizinq şirkəti rəsmi qeydiyyatdan keçib.
Şirkətin əsas fəaliyyəti istiqaməti maliyyə lizinqinin inşaat texnikası, avtomobil və digər nəqliyyat vasitələrinin, tibbi avadanlıq, daşınmaz əmlak və sənaye avadanlığının maliyyələşdirilməsidir.
"UniLeasing" QCS -nin təsisçiləri kommersiya bankı "Unibank" (66,67 faiz) və Avropa Yenidənqurma və İnkişaf Bankıdır (33,33 faiz).
Noyabrın 8-nə olan rəsmi məzənnə 0,7999 AZN/USD təşkil edir.