...

Bu gün Azərbaycanın uzunmüddətli, sürətli inkişafına beynəlxalq maliyyə qurumları tərəfindən böyük inam vardır - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)(FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2010 21:53 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Bakı dairəvi avtomobil yolunun açılışında iştirak edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Bu gün Azərbaycanın uzunmüddətli, sürətli inkişafına beynəlxalq maliyyə qurumları tərəfindən böyük inam vardır - Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)(FOTO)

RED. əlavəsi: Dövlət başçısının çıxışı əlavə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Bakı dairəvi avtomobil yolunun açılışında iştirak edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

İnşaatçılar və nəqliyyat işçiləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev Bakı dairəvi avtomobil yolunun tikinti layihəsi və ümumi yerləşmə planı ilə tanış oldu.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verərək bildirdi ki, paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi baxımından bu yolun xüsusi əhəmiyyəti vardır. Birinci dərəcəli olan əsas yolun uzunluğu 21,5 kilometrdir. İki istiqamətli yerli yolun uzunluğu isə 4,8 kilometrdir. Bu yol nəqliyyat vasitələrinin əsas magistrala girmədən digər istiqamətlərə hərəkətinə kömək edəcəkdir. Burada, həmçinin əhalinin rahatlığı nəzərə alınaraq səsboğucu baryerlər quraşdırılmışdır. 27 yanaşma yolunun ümumi uzunluğu 11,7 kilometr, əsas yolun hərəkət hissəsinin eni 22,5 metrdir. Dairəvi yol hər iki istiqamətdə 3 hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarının hər birinin eni 3,75 metrdir. Yol boyu iki elektron istiqamətverici lövhə də quraşdırılmışdır. Ümumilikdə, yolda 5 qovşaq, 8 ötürücü, 3 piyada keçidi vardır. Suötürücü boruların ümumi uzunluğu 2 min 300 metrdir.

Bu layihənin reallaşdırılması şimal-cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirəcək, Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verəcəkdir. Bu yol gələcəkdə sayı sürətlə artacaq nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcəkdir.

Prezident İlham Əliyev inşaatçılarla görüşdü, onları təbrik edib.

"Bu yolun Bakının nəqliyyat sistemində xüsusi yeri vardır. Çünki bu yol şəhərin tıxaclardan azad olunmasında xüsusi məna daşıyacaqdır. Əvvəlki dövrlərdə cənub-qərb istiqamətlərindən şimal istiqamətinə və əks tərəfə getmək üçün gərək Bakı ərazisindən keçəydin. Həm məsafə çox böyük idi, həm də ki, tıxaclar vaxt aparırdı. Dairəvi yolun tikintisi bu məsələnin həlli üçün əsas məsələdir. Böyük zövqlə çox gözəl, rahat, keyfiyyətli, altı zolaqlı, bir neçə qovşağı olan yol tikilibdir.
Əminəm ki, bu yol şəhər nəqliyyatı üçün çox böyük əhəmiyyət daşıyacaqdır. İndi şəhərdə müxtəlif yerlərdə yeni yollar tikilir. Əvvəlki dövrdə tikilmiş yollar genişləndirilir, bərpa olunur, yüksək səviyyədə təmir edilir. Bununla bərabər, yeni yolların açılması şəhər nəqliyyatı üçün çox vacibdir. Bax bu yol, demək olar ki, şəhərin ən böyük damarıdır. Əvvəlki dövrdə yollar olmayan başqa yerlərdə də yeni yollar çəkilibdir. Amma bu yolun xüsusi əhəmiyyəti vardır. Ona görə bu yola xüsusi diqqət həmişə olmuşdur. Bu yolun layihələndirilməsi işində böyük işlər görülmüşdür" deyə Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısının sözlərinə görə, Bakı dairəvi avtomobil yolu, eyni zamanda, beynəlxalq əməkdaşlığın nəticəsidir.

"Küveyt Fondu, Abu Dabi Fondu tərəfindən maliyyələşdirilmiş layihədir, Azərbaycan hökumətinin də payı vardır. Əgər beynəlxalq maliyyə qurumları ilə yaxşı münasibətlərimiz və Azərbaycanın uğurlu inkişafına inam olmasaydı, yəqin ki, o kredit resurslarını əldə etmək üçün çətinliklərlə üzləşə bilərdik. Bu gün Azərbaycanın uzunmüddətli, sürətli inkişafına beynəlxalq maliyyə qurumları tərəfindən böyük inam vardır. Bu da əsaslandırılmış inamdır. Ona görə biz istənilən maliyyə resurslarını ölkəmizə, o cümlədən bax, bu gözəl infrastruktur layihələrinin həyata keçirilməsi üçün cəlb edə bilərik və bunu edirik.
Bu yolun inşasında iştirak etmiş bütün vətəndaşlara, bütün insanlara, inşaatçılara minnətdarlığımı bildirmək istəyirəm. Onlar çox gözəl iş görüblər. Bu gözəl hadisə münasibətilə sizin hamınızı, Bakı sakinlərini və bütün rayonların sakinlərini ürəkdən təbrik edirəm. Çünki bu yol şimalı cənubla, qərblə birləşdirəcəkdir" Prezident İlham Əliyev qeyd edib.

İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, layihə üç hissədən ibarətdir. Birinci və ikinci hissələrdə tikinti işləri tamamlanmışdır və istismara hazırdır. Üçüncü hissənin ilin sonunda istifadəyə verilməsi planlaşdırılır. Bu da Lökbatan dairəsindən Ələt-Astara yolunun 22-ci kilometrinə qədər olan hissəsini əhatə edəcəkdir.

Prezident İlham Əliyevə ərazidə görülmüş işlər barədə də ətraflı məlumat verildi.
Dövlətimizin başçısı Bakı dairəvi avtomobil yolunun sürüşmə ərazisində görülən işlərlə də tanış oldu. Bildirildi ki, baş verə biləcək sürüşmənin qarşısını almaq üçün burada əsaslı işlər görülmüşdür. Belə ki, yolun inşası zamanı yamaclarda aşkar edilmiş çatların və sürüşmənin qarşısının alınması məqsədi ilə 19 min 300 kvadratmetrlik torpaq istinad divarları, həmçinin beton divarlar tikilmişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, yol boyu tikilmiş nəqliyyat qovşaqlarının hər birinin xüsusi əhəmiyyəti vardır. Birinci qovşaqla tanışlıq zamanı bildirildi ki, bu qovşaq Bakı dairəvi avtomobil yolunu Bakı-Rusiya Federasiyası avtomagistralı ilə əlaqələndirərək Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə hərəkət edən tranzit yük maşınlarını şəhərə girmədən cənuba və qərbə istiqamətləndirəcəkdir. Bundan əlavə, bu qovşaq Sumqayıt şəhəri, Biləcəri qəsəbəsi və Abşeron rayonunun digər yaşayış məntəqələrindən avtonəqliyyat vasitələrinin cənub istiqamətinə rahat çıxışını təmin edəcəkdir. Qovşaqda iki yolötürücü də inşa edilmişdir.

İkinci qovşaq Bakı şəhərinin "Qurd Qapısı" ərazisində avtonəqliyyat vasitələrinin hərəkətini şəhərlə əlaqələndirmək məqsədi daşıyır. Qovşaqda inşa edilən 2 yolötürücü nəqliyyatın bütün istiqamətlərdə hərəkətini təmin edəcəkdir. Eyni zamanda, şimal və cənub istiqamətlərində hərəkət edən nəqliyyat vasitələri üçün Bakı şəhərinə əlavə giriş-çıxış yaranmışdır.

Üçüncü qovşaq Bakı dairəvi avtomobil yolunu Lökbatan-Xocasən avtomobil yolu ilə, dəmir yolunun Heybət stansiyası, sənaye və ticarət obyektləri ilə əlaqələndirəcəkdir.
Dördüncü qovşaq Bakı-Astara avtomobil yolu ilə mövcud Lökbatan dairəsini birləşdirir. Bu qovşaqda inşa edilən 4 aşırımlı yolötürücünün altında yerləşdirilmiş nəqliyyat dairəsi nəqliyyat vasitələrinin bütün istiqamətlərdə hərəkətinə imkan verir.
Beşinci qovşaq isə nəqliyyat vasitələrinin Bakı dairəvi avtomobil yolunun altından tunel vasitəsilə "Sədərək", "Binə" və digər ticarət mərkəzlərinə giriş-çıxışı təmin edir.

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti