Azərbaycan, Bakı, 9 dekabr /Trend/
Dubayın ilk qənaətcil hava yolları olan "flydubai" şirkəti öz sərnişinlərinə daha çox seçim imkanı vermək, rahatlıq yaratmaq, onların tələblərinə və büdcəsinə uyğun xidmət göstərmək üçün bir sıra dəyişikliklər edib. Dəyişikliklər həm qiymətlə, həm də baqaj yükü ilə əl yükünə dair qaydalarla bağlıdır.
"flydubai" şirkətinin tariflərindəki hazırkı dəyişikliklər sərnişinlərimizin daha çox seçim etməsinə və yalnız istədikləri xidmətə görə pul ödəməsinə imkan verəcək. Biz hiss edirik ki, bütün bunlar səyahəti daha stressiz, daha sadə və daha ucuz edir. Bu bizim əsas fəlsəfəmizdir və buna daima sadiq qalırıq", - "flydubai" şirkətinin baş direktoru Qeyt əl-Qeyt bildirib.
"Sərnişinlərimiz öz təkliflərində daha geniş seçim imkanlarından məmnun olacaqlarını deyiblər və biz də onları dinləməyin vacib olduğunu hiss edirik. Ümid edirik ki, bu dəyişikliklər onların axtardıqları seçimi tapmağa imkan verəcək", - o əlavə edib.
Köhnə qaydalar dekabrın 6-dan əvvəl edilmiş sifarişlər üçün hələ də qüvvədədir. Lakin əgər sərnişinlər dekabrın 6-dan əvvəl sifariş edilmiş biletin uçuş vaxtını dəyişdirmək, yaxud baqaj üçün yer almaq istəsələr, yeni qaydalar tətbiq olunacaq.
Dəyişikliklər haqqında məlumat
Əl yükü ilə bağlı yeni qaydalar sərnişinlərə göyərtəyə kiçik daşınan əl yükü (daşınan çanta, noutbuk qabı və ya əl çantası) götürmək imkanı verir. Əl yükü 7 kilodan çox və 56 cm x 45 cm x 25 cm ölçülərindən böyük olmamalıdır. Qeydiyyat zamanı təhlükəsizlik məqsədi ilə əl yükünün çəkisi və ölçüləri yoxlanılacaq.
Edilən dəyişikliklər üç müxtəlif kateqoriyadan olan biletləri əhatə edir. "No Change" kateqoriyası üzrə alınan biletləri dəyişmək, yaxud biletdən imtina etmək olmaz. Bu kateqoriyadan olan biletə çəkisi 7 kilodan çox, ölçüsü isə 56cm x 45cm x 25cm-dən böyük olmayan əl yükü daxildir.
"Pay to Change" kateqoriyasından olan biletlərdən sərnişinlər uçuş vaxtına 24 saat qalana kimi imtina edə, yaxud onun vaxtını dəyişdirə bilərlər. Bunun üçün sərnişinlər cəmi 100 dirhəm ödəməli olacaqlar. Əgər sərnişin uçuşu dəyişərkən yeni biletin qiyməti köhnə biletin qiymətindən ucuz olarsa, "flydubai" şirkəti sərnişinə vauçer verəcək. Sərnişin uçuşdan imtina edərsə, adambaşına 150 dirhəm tutulmaqla biletin yerdə qalan dəyəri vauçer şəklində sərnişinə ödəniləcək. Bilet uçuşa 24 saatdan az vaxt qaldıqda dəyişdirilə bilməz. Biletdəki sərnişin adları da dəyişdirilə bilməz. Biletə çəkisi 7 kiloya qədər, ölçüləri isə 56cm x 45cm x 25cm-dən çox olmayan əl yükü daxildir.
"Free to Change" tarifi üzrə biletə 20 kiloqramlıq baqaj yükü və çəkisi 7 kiloya qədər, ölçüləri isə 56cm x 45cm x 25cm-dən çox olmayan əl yükü daxildir. Bilet uçuşa 24 saat vaxt qalana qədər dəyişdirilə bilər. Yeni biletin qiyməti ucuz olarsa, "flydubai" şirkəti sərnişinə vauçer verəcək. Bilet uçuşa 24 saatdan az vaxt qaldığı halda dəyişdirilərsə, sərnişin 365 dirhəm cərimə və biletin qiymətindəki fərqi ödəməli olacaq. "Free to Change" kateqoriyasından olan biletlərdən uçuşa 24 saat qalmış imtina etmək olar. Adambaşına 150 dirhəm tutulmaqla biletin dəyəri vauçer şəklində sərnişinə ödəniləcək. Sərnişin uçuşa 24 saatdan az vaxt qaldığı halda biletdən imtina edərsə, 365 dirhəm məbləğində cərimə ödəməli olacaq. Biletin yerdə qalan dəyəri vauçer qismində sərnişinə ödəniləcək. Biletdəki sərnişin adlar dəyişdirilə bilməz.
Sərnişinlər həmçinin 20 kq, 30 kq və 40 kq ağırlığında baqaj yükünü oncədən qeydiyyatdan keçirə bilərlər. Baqaj yükünü güzəştli şərtlərlə "flydubai" şirkətinin internet səhifəsi vasitəsilə (www.flydubai.com), yaxud telefon mərkəzinə zəng vurmaqla (+9714 301 0800) qeydiyyatdan keçirmək olar.
Əks halda sərnişin baqajı aeroportda qeydiyyatdan keçirə bilər. Əgər baqaj yükünün çəkisi icazə verilmiş normadan çox olarsa, baqaj üçün yer öncədən alınmayıbsa və ya yaxud yükün sayı 3 ədəddən çoxdursa, sərnişinlər aeroport tariflərinə uyğun olaraq artıq çəkiyə görə pul ödəməli olacaqlar.
Hazırda "flydubai" aviaşirkətinin hava donanmasına Boeing 737-800 tipli doqquz təyyarə daxildir. Şirkət Beyrut (Livan), Əmman (İordaniya), Dəməşq və Hələb (Suriya), Hartum (Sudan), Bəhreyn, Katmandu (Nepal), Məsqət (Oman), Kabul (Əfqanıstan), Küveyt, Laknau (Hindistan), İstanbul (Türkiyə), Latviya (Suriya), Kəraçi (Pakistan), Kolombo (Şri-Lanka), Ərbil (İraq), Yekaterinburq və Samara (Rusiya), Süleymaniyyə (İraq), Yerevan (Ermənistan), Əbha (Səudiyyə Ərəbistanı) və Aşqabad (Türkmənistan) şəhərlərinə uçuşlar həyata keçirir.