Azərbaycan, Bakı, 12 dekabr /Trend/
Dekabrın 20-dən Azərbaycanda taksi xidmətləri göstərən avtomobillərin rəngləri üzrə yeni standartlar tətbiq olunacaq. Bu barədə bazar günü Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, yeni standartlar Bakıda və Azərbaycanın digər şəhərlərində taksi xidmətləri göstərən avtomobillərin rənglərinin vahid şəklə salınması məqsədilə həyata keçirilir.
O cümlədən, Bakıdakı avtomobillər üçün bənövşəyi, Gəncədə az, Sumqayıtda isə mavi rəng tətbiq olunacaq.
Həsənovun sözlərinə görə, yeni standartların tətbiqi gələn ildən tədricən həyata keçiriləcək.
Bir müddət əvvəl Dövlət Komitəsi AZS 425-2010 "Sərnişin stansiyası qurğuları və avtomobilləri" dövlət standartını təsdiq edib.
Məlumatda bu standartın sərnişin stansiyası qurğularına, avtobus dayanacağı məntəqələrinə, taksi dayanacaqlarına, sərnişin və yük avtomobil nəqliyyatı vasitələrinə şamil edildiyi və fərqləndirici nişanların, göstəricilərin və digər informasiya tərtibatlarının qeydə alınması üçün əsas tələbləri müəyyənləşdirildiyi deyilir.
Standartın müddəaları Azərbaycanın müvafiq orqanları tərəfindən verilmiş lisenziyaya əsasən, sərnişin və yük avtonəqliyyat vasitələri ilə daşımanı həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar üçün icbaridir.
Normativ sənəddə sərnişin stansiyası qurğularının tərtibatı, müntəzəm sərnişindaşımaları yerinə yetirən sərnişin nəqliyyatı vasitələrinin dayanacaq məntəqələrinin tərtibatı, nəqliyyat vasitələrinin xarici tərtibatı (taksi və sərnişin avtonəqliyyat vasitələri), sərnişin nəqliyyatı vasitələrinin və taksi-minik avtomobillərinin daxili tərtibatına olan tələblər mövcuddur.