Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanda qiymətləndiricilərin sertifikatlaşdırılmasının dördüncü mərhələsi 2011-ci ilin yazında keçiriləcək. Bu barədə çərşənbə axşamı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin koordinatoru Amil İsmayılov deyib.
"Hazırda cəmiyyətdə sertifikatlaşdırmanın növbəti mərhələsinin keçirilməsinə hazırlıq işləri aparılır", - İsmayılov bildirib.
Azərbaycanda qiymətləndiricilərin sertifikatlaşdırılması 2009-cu ilin martında təşkil olunub və üç nəfər uğur qazanıb. İkinci mərhələ bu ilin iyununda təşkil olunub, sertifikatlaşdırmadan dörd qiymətləndirici keçib. 2010-cu ilin aprelində təşkil olunan sertifikatlaşdırılmanın üçüncü mərhələsində iştirakçılardan heç biri treninq və imtahandan keçməyib.
Qiymətləndiricilərin sertifikatlaşdırılması prosesində müşahidəçi kimi Beynəlxalq Maliyyə Korporasiyası, Rusiya Qiymətləndirmə Cəmiyyəti və İqtisadi Əlaqələr üzrə İsveçrə Dövlət Katibliyinin mütəxəssisləri iştirak ediblər.
Azərbaycanda qiymətləndirmə fəaliyyəti 1995-ci ildə qəbul olunan "Qiymətləndirmə fəaliyyəti haqqında" qanunla tənzimlənir.