...

Azərbaycanın bank sektoru: 2010-cu ilin yekunları

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2010 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Trend agentliyinin direktor müavini İlahə Məmmədli

Respublikada bank sektorunun inkişaf səviyyəsi ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini müəyyən edən indikatorlardan biridir. Bank sektoru qarşısında çətin tapşırıq durur - gələcəkdə o, iqtisadiyyatın əsas kreditləşmə mənbəyi və Azərbaycanın qeyri-neft sektorunun inkişafı prosesinin sürətlənməsi üçün katalizator olmalıdır. Ümumilikdə bank sektorunda artımın respublikadakı əsas makroiqtisadi göstəriciləri qabaqlamasına baxmayaraq, onun hazırkı potensialı hələ də ölkə iqtisadiyyatının tələbatından çox geri qalır.

2010-cu maliyyə ilinin yekunları bir daha təsdiq etdi ki, Azərbaycanın bank sektoru böhrana yaxşı hazırlanmış şəkildə daxil oldu. Bu, ölkənin Mərkəzi Bankının (AMB) qəbul etdiyi xəbərdaredici yönəldici tədbirlər nəticəsində mümkün oldu və onlar həddindən artıq xarici borcun qarşısını almağa xidmət etdi. Bankların bazarda daha ehtiyatlı davranışının əsaslandırılması, eləcə də risklərin idarə olunmasının və korporativ idarəetmənin əsaslı təkmilləşdirilməsi məqsədilə aktivlərin keyfiyyətinə və kreditlərin girovla təmin olunmasına tələblər vaxtında sərtləşdirildi.

Lakin Mərkəzi Bankın bu tələbləri təkcə sərtləşdirməyə yönəlməmişdi. Bank sektoruna AMB-nin pul siyasətinin yumşaldılması və uçot dərəcələrinin bir neçə dəfə azaldılması, daxili mənbələrin cəlb edilməsi üzrə rezevləşdirmə normalarının azaldılması, banklar tərəfindən xüsusi kreditlərin verilməsi, dövlət əmanətlərinin sığortgalanması məbləğinin beş dəfə artırılması vasitəsilə fəal kömək göstərildi. Bütün bu tədbirlər ümumilikdə vəziyyətin sabitləşməsində rol oynadı.

Bu tədbirlər hesabına Azərbaycanın bank sektoru böhran dövründə müflisləşmə və ya bankların bağlanması hallarından qaça bildi. Lakin bu il AMB bank sisteminin birləşdirilməsi və optimallaşdırılması üzrə strategiyanın həyata keçirilməsinə başladı.

İkiillik fasilədən sonra 2010-cu ilin sonlarına doğru bankların sıraları yenidən seyrəlməyə başladı.

Dekabrın 1-nə Mərkəzi Bank iki bankın - "Debutbank" (1994-cü ildən fəaliyyət göstərir) və "Kövsərbank"ın (1992-ci il) lisenziyasının ləğv edilməsi haqqında qərarını elan etdi. Bu qərar minimum məcmu kapitalın tələblərinin yerinə yetirilməməsi, bank qanunvericiliyi tələblərinin pozulması, eləcə də idarəetmənin və cari fəaliyyətin etibarlı və prudensial qaydada yerinə yetirilməməsi ilə izah edilir. Bu banklar sistematik olaraq AMB-nin göstərişlərini yerinə yetirməyiblər.

Bazarda son ixtisarlar 2008-ci ildə artıq çoxdan fəaliyyət göstərməyən "Poçtbank"ın və kapitallaşma ilə bağlı tələblərə əməl etməyən "Atlantbank"ın lisenziyaları alınan zaman baş verdi. Lakin o zaman bankların sayı "Naxçıvanbank" ASC-yə və "Azfinans Bank"a (indiki AFB Bank) bank fəaliyyəti göstərməklə bağlı icazə verilməklə elə bir o qədər də artmışdı. Lakin bu il Mərkəzi Bank tərəfindən Azərbaycan kapitallı BTB Banka (martın sonlarında) lisenziya verilib. Hazırda ölkənin bank sektorunda 45 bank fəaliyyət göstərir.

Gələcəkdə AMB-nin bankların böyüməsi və bank sistemində kapitallaşmanın artması ilə bağlı strateji məqsədləri nəzərə alınarsa, onların sayının azalması qaçılmazdır. Baxmayaraq ki, son bir neçə il ərzində bankların kapitallaşmasının minimum tələbləri (10 milyon manat) dəyişməz saxlanılıb, bu prosesin stimullaşdırılması üçün hökumət kapitalın artırılmasına yönələn mənfəətin bir hissəsini vergidən üç illiyə azad edib.

İqtisadiyyatı dinamik inkişaf edən ölkənin bu gün bankların daha fəal iştirakına ehtiyacı olduğunu, maliyyə resurslarına yüksək tələbatın və maliyyə axınlarının respublika iqtisadiyyatı daxilində paylanmasına yüksək tələbatın olduğunu nəzərə alaraq Azərbaycana iri və orta banklar lazımdır. Bunun üçün bankların əhəmiyyətli artım potensialı mövcuddur.

Yeri gəlmişkən, hazırda risklərin artması səbəbindən banklar bazarı bir daha qiymətləndirməlidirlər, bu isə müəyyən vaxt tələb edir. Banklar kreditləşmə üçün kifayət qədər həcmdə vəsaitə malikdirlər, lakin onlar vəsaitin vaxtında qayıdacağına əmin olmalıdırlar.

Dünya praktikasında problemli kreditlərin payının 10 faizi ötməsi riskli səviyyə hesab edilir. AMB-nin məlumatına görə, ötən ilin martından ölkə banklarının ümumi kredit portfelində vaxtı ötmüş kreditlərin payı cəmi 3,8 faiz təşkil edir, lakin 2010-cu ilin əvvəlindən onların xüsusi çəkisi artmağa başlayıb və noyabrın 1-nə olan vəziyyətə görə 5,01 faizə çatıb.

Vaxtı ötmüş kreditlərin həcminin artması Azərbaycan banklarında böyük miqdarda borcluların olmasından xəbər vermir, çünki problemli risklərin həcmində artım iri borclarla bağlıdır. Müəssisələr onları qaytararkən dünya iqtisadiyyatındakı böhranlı vəziyyətlə əlaqədar biznes həcminin azalması ilə bağlı problemlərlə üzləşiblər.

Ola bilsin ki, məhz bu, bank biznesinin istiqamətinin kütləvi xidmətə doğru yönəlməsinə kömək edib ki, bu da cari ildə xüsusilə müşahidə olunub. Xüsusilə də bazarın zəif olduğu, əhalinin ödəniş potensialının artdığı paytaxtdan kənarda, regionlarda əhaliyə pərakəndə bank xidmətlərinin göstərilməsi bankların fəaliyyətində perspektivli sahəyə çevrilib. Pərakəndə bank xidmətləri banklar üçün nisbətən daha sərfəli biznes növüdür. Pərakəndə xidmətlərin cəlbediciliyi onunla izah olunur ki, korporativ müştərilər artıq bank xidmətləri ilə əhatə olunublar. Həm də bazarın bu seqmentində rəqabət kifayət qədər sərtdir. Əhali ilə depozit əməliyyatları resursların daimi axınına kömək edir, onun kreditləşməsi isə bankı kifayət qədər yüksək gəlirlə, müddətlər və müştərilər üzrə kredit xidmətlərinin diferensiallaşdırılması hesabına kredit risklərinin şaxələndirilməsini təmin edir.

Bu tendensiyanı proqnozlaşdıran banklar öz inkişaf strategiyalarını bazarın digər seqmentlərinin - fiziki şəxslərə, orta və kiçik biznes müəssisələrinin kreditləşdirilməsinə yönəldirlər. Artıq əhalinin kreditlərinin payına bank sektorunun bütün aktivlərinin 21,3 faizi düşür.

Ölkənin bank bazarında müsbət tendednsiyalardan biri faiz dərəcələrinin xeyli aşağı salınması, əhalinin əmanətləri kimi göstəricinin dinamik artımıdır. İl ərzində fiziki şəxslərin depozitləri 35,8 faiz artaraq 2,9 milyard manat təşkil edib. İyunun 1-dən əmanətlər üzrə faiz dərəcələrinin maksimal həddə, 12 faizədək azaldılması depozitlər üzrə faiz dərəcələrinin ucuzlaşmasına gətirib çıxartdı. Banklar tərəfindən bu dərəcədən artıq cəlb edilən əmanətlər ADIF tərəfindən sığortalanmır və onlara görə kompensasiyaların ödənilməsi nəzərdə tutulmur. İl ərzində manatla əmanətlər üzrə orta faiz dərəcələri demək olar ki, iki faiz azaldılıb.

Mənfəətli bankların sayının azalmasına baxmayaraq [əvvəlki 36 banka nisbətdə 31 bankadək], ümumilikdə hazırda ölkənin bank sektoru kifayət qədər sabitdir, banklar böyük problemlərlə üzləşmirlər. Ölkə bankları 30 faizlik mövcud norma ilə 60-70 faizlik maliyyə likvidliyinə malikdirlər və xarici borclarını vaxtında ödəyirlər.

Artıq görülən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında bankların iştirak payı 27,9 faiz (ÜDM-də kredit qoyuluşlarına nisbətdə) təşkil edir ki, əvvəllər bu göstərici 20 faizi ötmürdü. Bank sisteminin balans aktivləri aylıq tarixi yüksək həddə çatır və noyabrın 1-nə onlar 10 ay ərzində 9,5 faiz artaraq 12,768 milyard manata çatıblar.

Belə artım templərini nəzərə almaqla ölkənin bank sektorunda nəzarətin effektivliyinin yüksəldilməsi məqsədilə AMB-nin vəzifələri sırasına böhranlı inkişafdan sonra bütün bank sektoru üçün risk mənbəyi ola biləcək sistem yaradan bankların nizamlanmasına sistemli, daha da sərt yanaşma daxildir. AMB həmçinin üç istiqamətdə - kapitalın adekvatlığının nizamlanması, likvidliyin idarə olunması və maliyyə rezervləşdirilməsi - yeni tənzimləyici çərçivə tətbiq etməyə hazırlaşır.

Son illər müsbət tendensiyalar aparılan islahatların effektivliyini sübut edir, eləcə də aparıcı banklar arasında rəqabət ciddi şəkildə sərtləşir. Və bu amil 2009-cu ilin bir çox maliyyə təşkilatları üçün yaşamaq üçün sınaq ili olması, 2010-cu ilin isə dünyanın bütün ölkələrində çox çətin keçən böhrandan sonrakı dövrə daxilolma ili olması fonunda müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti