Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan bankı "Royal Bank" ölkədə ipoteka kreditləşməsi bərpa ediləndən sonra (2009, iyun) ölkənin Mərkəzi Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ümumi məbləği 13,67 milyon manat olan 329 ipoteka krediti verib. Bu barədə çərşənbə axşamı bankdan deyiblər.
"Bu günə bank ümumi məbləği 12,22 milyon manat olan 286 standart ipoetka krediti, eləcə də 1,45 milyon manat məbləğində güzəştli şərtlərlə 43 kredit verib", - bankdan bildiriblər.
AİF-in şərtlərinə görə, Azərbaycanda adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faiz dərəcə ilə 25 il müddətinə verilir. Sosial ipoteka 35 min manat təşkil edir və dörd faiz dərəcə ilə 30 il müddətinə verilir. Güzəştli kreditlər üçün ilkin ödəniş 15 faizdir, adi kreditlər üçün isə 20 faiz təşkil edir.
Kreditlər milli valyutada - manatla və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipotekanın predmeti yalnız mənzil və şəxsi evlər ola bilər, ipoteka kreditinin məbləği ipoteka üçün girov qoyulan daşınmaz əmlakın bazar qiymətinin 85 faizini ötməməlidir, kreditə görə aylıq ödəniş borc alanın aylıq gəlirinin 70 faizini ötməməlidir.
Güzəştli şərtlər şəhid, milli qəhrəmanlar və məcburi köçkün ailələrinin üzvlərinə, ən azı üç il iş təcrübəsi olan dövlət qulluqçularına, elmlər namizədləri və doktorluq dərəcəsi olanlara, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin, maksimum üç il xidmət stajı olan hərbçilərə şamil edilir.
Güzəştli ipoteka krediti alan hər ailə bundan yalnız bir dəfə istifadə edə bilər.
2006-cı il martın 1-dən işə salınan ipoteka kreditləşməsi prosesi vəsait çatışmazlığı səbəbindən 2007-ci ilin yayında dayandırılıb. O, 2009-cu il iyunun 1-dən etibarən bərpa edilib.
"Royal Bank" Azərbaycanda fəaliyyət göstərən, paytaxt Bakıda və ölkənin rayonlarında 32 filiala malik kommersiya bankıdır. Bank 1993-cü il avqustun 2-də "Özbank"ın birgə kommersiya bankı kimi yaradılıb.