...

BMK Azərbaycan bankı "Rabitəbank"a korporativ idarəetmə standartlarının təkmilləşdirilməsində kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2010 15:15 (UTC +04:00)
"Rabitəbank" və Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri göstərilməsinə dair razılaşma imzalanıb.
BMK Azərbaycan bankı "Rabitəbank"a korporativ idarəetmə standartlarının təkmilləşdirilməsində kömək edəcək

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

"Rabitəbank" və Dünya Bankı qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) arasında korporativ idarəetmə standartlarının təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri göstərilməsinə dair razılaşma imzalanıb. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Razılaşmaya əsasən, BMK-nın məsləhətçiləri "Rabitəbank"da korporativ idarəetmə sahəsində cari vəziyyəti təhlil edib, onun beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasına yardımçı olacaqlar.

"Bu razılaşmanın məh beynəlxalq maliyyə institutlarının bankın səhmdarları sırasına qoşulması zamanı imzalanması onun aktuallığını ikiqat artırır. Ümid edirik ki, bu əməkdaşlıq bankda mövcud olan korporativ idarəetmə standartlarını növbəti mərhələyə yüksəldəcək", - "Rabitəbank"ın idarə heyəti sədrinin müavini Elçin Qədimov müsahibəsində qeyd edib.

Layihənin reallaşdırılmasının 2011-ci ilin yanvar ayında başlaması və ilin birinci yarısı ərzində davam etməsi gözlənilir. BMK-nın məsləhətçiləri bankın səhmdarları, müşahidə şurası və rəhbərliyi üçün korporativ idarəetmə sahəsində məsləhətlərin təqdim edilməsi, eyni zamanda korporativ sənədlərə yenidən baxılması, informasiya təhlükəsizliyi məsələlərinin təkmilləşdirilməsi sahəsində birgə işlər aparacaq.

BMK-nın Korporativ İdarəetmə layihəsinin rəhbəri Karolin Brayt müsahibəsində deyib: "Etibarlı korporativ idarəetmənin olması uğurlu bankın qurulması, düzgün qərar qəbuletmə prosesi və investisiyaların cəlb olunması üçün əsasdır. Biz inanırıq ki, Rabitəbankın timsalında korporativ idarəetmə standartlarını inkişaf etdirməyə yönümlü bir təşkilat tapmışıq və bizim birgə əməkdaşlığımız bankın uğurlu inkişafını davam etdirəcək".

BMK 2005-ci ildən bu günədək Korporativ İdarəetmə Layihəsi çərçivəsində Azərbaycanın bir sıra banklarında idarəetmənin təkmilləşdirilməsi və yeni investisiyaların cəlb olunması imkanlarının inkişafı üçün calışır.

"Rabitəbank" uzun illərdir ki, BMK ilə əməkdaşlıq edir. "Rabitəbank" 1997-ci ildə BMK-dan kredit xətti almış ilk banklardan biridir. Son illər ərzində bankın BMK ilə əməkdaşlığı bir neçə kredit xətləri və məsləhət xidmətləri sahəsində genişlənib. 30 sentyabr 2010-cu il tarixində BMK və "Rabitəbank" bankın 12,5 faiz və bir səhm paketinin alınması barəsində müqavilə imzalayıblar.

"Rabitəbank" Azərbaycan bank bazarında 1993-cü ildən fəaliyyət göstərir. 30 sentyabr, 2010-cu il tarixinə bankın aktivləri 145 milyon ABŞ dolları, kapitalı 20 milyon ABŞ dolları olub. Bank fiziki və hüquqi şəxslərə 6-sı Bakı şəhərində yerləşməklə 14 regionda 20 filial şəbəkəsi ilə bütün növ maliyyə xidmətlərini təqdim edir.

BMK, Dünya Bankı qrupunun üzvü olaraq, inkişaf etməkdə olan ölkələrdə özəl biznes mühitinin inkişaf etdirilməsi sahəsində fəaliyyət göstərən, dünyanın ən böyük beynəlxalq inkişaf institutlarından biridir. BMK biznes sahiblərinə maliyyə vəsaitləri və eyni zamanda onların davamlı inkişafını təmin etmək üçün məsləhət xidmətləri göstərməklə həmin şirkət və təşkilarlar tərəfindən daha çox insanların işlə təmin olunması və onların həyat səviyyəsinin artırılması üçün çalışır. Qlobal iqtisadi qeyri-müəyyənlik davam edən 2010-cu il ərzində BMK tərəfindən maliyyələşmə 18 milyard ABŞ dollarına qədər artırılıb.

Dekabrın 28-nə rəsmi məzənnə 0,7982 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti