...

Azərbaycanın sement istehsalçısı Asiya İnkişaf Bankından kreditin cəlb edilməsinə razılıq alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2011 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir N.İsmaylıova/

Azərbaycanın sement istehsalçısı "Garadagh Cement" ASC Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən təşkil edilən müəssisələrin genişləndirilməsi və effektivliyinin artırılması  üzrə layihənin maliyyələşməsinin sindikatlaşdırılmış hissəsi olan Asiya İnkişaf Bankından (AİB) kreditin cəlb edilməsinə razılıq alıb. Bu barədə AİB-in Bakı nümayəndəliyindən deyiblər.

"Bu günə artıq bütün sənədlər hazırlanıb və hökumət tərəfindən razılıq alınıb ki, bu da "Garadagh Cement"ə müqavilə imzalanandan sonra AİB-in vəsaitlərindən istifadə etməyə imkan verir", - nümayəndəlikdən qeyd ediblər.

Layihənin həyata keçirilməsinin dəstəklənməsi AİB-in Azərbaycan üçün strategiya və proqramları çərçivəsində nəzərdə tutulub. Bunun əsas istiqaməti iqtisadi artımın irəliləməsi və qeyri-neft sektorunun inkişafıdır. AİB-in 27 milyon dollar məbləğində kreditinin məqsədi müəssisələrdə daha çox ekoloji istehsalın təmin edilməsidir.

2009-cu ilin mayında AYİB Direktorlar Şurası dəyəri 330 milyon avro olan bu layihəyə 170 milyon avro məbləğində maliyyələşmənin təşkilini bəyənib. Əsas kredit (A/B kreditləri) 150 milyon avro təşkil edəcək, bunun təxminən 50 faizi kommersiya banklarına (B dərəcəli kreditorlar) təklif olunacaq, qalanı isə AYİB tərəfindən maliyyələşdiriləcək. Daha 20 milyon avro AYİB-in C dərəcəli subordinasiya edilmiş krediti təşkil edəcək, subordinasiya edilmiş kreditin əlavə 30 milyon avrosu təsisçi "Holcim" tərəfindən təmin ediləcək.

"Garadagh Cement"in modernləşdirilməsi və genişləndirilməsi prosesində gündəlik klinker istehsalının 2616 tondan 4000 tona, klinker idxal etmədən illik sement istehsalının isə 1,3 milyon tondan 1,7 milyon tona çatdırılması, eləcə də bir ton sement istehsalına enerji xərclərini 50 faiz azaltmaq planlaşdırılır.

Maliyyələşmə 2009-cu ilin ortalarından 2011-ci ilin birinci yarısı arasında olan tikinti dövrünə yönəlib. Həmin vaxt quru üsulla 6 saylı yeni sobanın istismara verilməsi gözlənilir.

Layihə çərçivəsində bir ədəd klinker istehsalı üçün istifadə edilən enerjinin 50 faizədək azaldılması hesabına enerjiyə qənaət olunması nəzərdə tutulur. AYİB-in krediti şirkəti korporativ idarəetmə və biznesin aparılması baxımından mürəkkəb şəraitlərdə liderliyini qorumaqda dəstəkləyəcək.

"Qaradağ Sement" ASC Azərbaycanda sement və klinkerin yeganə istehsalçısıdır. Bu günə şirkətin səhmdarı beş hüquqi və 879 fiziki şəxsdir. "Holcim Ltd" şirkəti səhmlərin 66 faizinə, Azərbaycan İnvestisiya Şirkəti 10, Avropa Yenidənqurma və İnkişaf Bankı 10, "Holcim Auslandbeteiligungs GmbH" 3,39 faizinə sahibdir. "Azer Invest Company" şirkəti 0,26 faiz həcmdə paketə sahibdir, qalan 10,35 faiz fiziki şəxslərə məxsusdur.

Xəbər lenti

Xəbər lenti