...

Beş il ərzində Azərbaycan Dövlət Neft Fondunun valyuta portfelinin idarə edilməsindən orta gəlir 3,4 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2011 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir E.İsmayılov/

Son 5 ilin yekunlarına görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta portfelinin idarə edilməsindən orta gəlir 3,4 faiz təşkil edib. Bu barədə cümə axşamı Fond rəhbəri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, ötən il bu göstərici cəmisi 1 faiz, 2009-cu ildə 3,3 faiz, 2008-ci ildə 3,8 faiz, 2007-ci ildə 4,5 faiz, 2006-cı ildə isə 4,2 faiz təşkil edib.

Ötən il valyuta portfelinin idarə edilməsindən əvvəlki illərlə müqayisədə aşağı gəlir səviyyəsi ABŞ (0,25 faiz), Avropa (1 faiz) və Böyük Britaniya (0,5 faiz) mərkəzi banklarının uçot dərəcələrinin azaldılması ilə əlaqədar olub.

Ötən il dekabrın 31-nə olan məlumata görə, ARDNF-in investisiya portfelinin ümumi həcmi 22 677,87 milyon dollar olub. Bu, aktivlərin ümumi həcminin 99,61 faizini təşkil edir.

İnvestisiya portfelinin 53,41 faizi dollarda (12 113,74 milyon dollar), 41,43 faizi avroda (7 098,8 milyon avro) və 5,16 faizi isə funt sterlinqdə (753,64 milyon funt sterlinq) toplanıb.

2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri ötən ilin əvvəli ilə müqayisədə 52,8 faiz artaraq (14 900,4 milyon dollar) 22 766,8 milyon dollar təşkil edib.

ARDNF 1999-cu ildə yaradılıb.

Yanvarın 27-nə olan rəsmi məzənnə 0,7974 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti