Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir N.İsmayılova/
"Agrarkredit" bank olmayan kredit təşkilatı (BOKT) 2011-ci ildə 20 milyon manat həcmində kredit vermək fikrindədir. Bu barədə cümə günü BOKT idarə heyətinin sədri Məmməd Musayev Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında qurumun 2010-cu ildəki fəaliyyətinin yekunlarına və cari ilin planlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Biz əlavə maliyyə vəsaiti cəlb edə biləcəyimiz halda 50 milyon manat həcmində kredit verməyi planlaşdırırıq, əks halda tərəfimizdən 20 milyon manat kredit verilməsi nəzərdə tutulub", - Musayev bildirib.
2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, BOKT-nin aktivləri 26,6 milyon manat, kredit portfeli 16,9 milyon manat təşkil edib. Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) dəstəyi ilə həyata keçirilən "Ölkənin şimal-qərb regionlarının inkişafı" layihəsi çərçivəsində ötən il "Agrarkredit" 309,4 min manat məbləğində 106 krediti maliyyələşdirib.
IFAD-ın Azərbaycanda digər layihəsi olan "Ölkənin şimal-şərq regionlarının inkişafı" layihəsi çərçivəsində 351,1 min manat məbləğində 135 kredit verilib.
"Agrarkredit" öz kreditləri hesabına kənd yerlərində 652 sahibkara 6,23 milyon manat məbləğində kredit verib. Eləcə də heyvandarlığın inkişafına 2,67 milyon manat, bitkiçiliyə 559,1 min manat, ticarət və xidmət sahəsinə 2,7 milyon manat, digər sahələrə 296,5 min manat yönəldilib. Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən 162 kredit üçün 2,35 milyon manat ayrılıb.
"Ötən ilin yekunları üzrə təşkilatın mənfəəti 112,1 min manat təşkil edib. 2011-ci ildə biz bu cür mənfəət əldə edəcəyimizə ümid edirik, lakin təşilatın məqsədi onu 200-250 min manat səviyyəsinə çatdırmaqdır", -Musayev bildirib.
"Agrarkredit"-in əsas səhmdarı 99,9 faiz səhmə malik olan Azərbaycan Maliyyə Nazirliyidir. Qalan hissə isə bərabər olaraq "Azərsığorta" dövlət sığorta şirkəti ilə "Meliorasiya və Su Təsərrüfatı" ASC arasında paylaşdırılır. 2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, "Aqrarkredit" BOKT-nin nizamnamə kapitalı 18,5 milyon manat təşkil edir.