Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.Xəlilova/
Azərbaycanın davamlı inkişafı, son iki ildə qlobal böhran fonunda bütün sosial proqramların tam həcmdə vaxtında yerinə yetirilməsi iqtisadi inkişafın milli modelinin alternativsizliyinin bariz təsdiqidir. Trend-in məlumatına görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev çərşənbə axşamı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş kofransda deyib.
Konfransda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Nazirin sözlərinə görə, 2010-cu ilin yekunları üzrə ÜDM-in artım tempi 5 faiz, qeyri-neft sektorunun isə 7,9 faiz təşkil edib. Bundan başqa, qeyri-neft sənayesi 6,6 faiz artıb, əhalinin gəlir səviyyəsinin artım tempi inflyasiya səviyyəsini iki dəfədən çox ötüb, ölkənin bütün regionlarında məhsul istehsalının artımı təmin olunub.
"Belə nailiyyətlərin əldə olunmasında dövlət prqoramının, xüsusilə də ölkə regionlarının sosial-iqtisadi inkişafı üzrə iki dövlət proqramının həyata keçirilməsi üzrə sistemli iş böyük rol oynayır", - nazir vurğulayıb.
Dövlət başçısı ötən il ərzində regionlara 27 səfər edərək, istehsal, nəqliyyat, təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və b. sahələrdə 170-dən çox müəssisənin açılışında iştirak edib.
"Mütəmadi edilən səfərlər regionların sosial-iqtisadi inkişafının tezləşdirilməsi üçün böyük əhəmiyyətə malik olmaqla yanaşı, hər bir regionun inkişafı ilə bağlı spesifik vəzifələrin müəyyənləşdirilməsini və həyata keçirilməsini təmin edir, - Mustafayev qeyd edib. - Bu səfərlərdən sonra dövlət başçısı bir sıra şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə təbrilər haqqında sərəncam imzalayıb".
2004-cü ildən regionların inkişafına maliyyə mənbələri hesabına 15,5 milyard dollar yatırılıb. Bundan başqa, ötən il 3,4 milyard dollar investisiya qoyulub. Mustafayevin sözlərinə görə, bu vəsaitlər hesabına yüzlərlə əhəmiyyətli layihə həyata keçirilib.
Ötən il ərzində "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərinin yaradılması üzrə layihələrin həyata keçirilməsi davam etdirilib, beynəlxalq standartlara uyğun 635 min kilometrdən çox yol tikilib və təmir edilib, bundan başqa, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı dairəvi yolu, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 22-ci kilometrliyi, Mingəçevir-Xaldan yolu, Biləsuvar dairəvi yolu və körpü, Naxçıvan-Sədərək magistral yolu və digər obyektlər istismara verilib.
"Bakı-Tbilisi-Qars dəmiryolunun, beynəlxalq dəniz limanının və gəmiqayırma zavodunun tikintisi ölkənin tranzit potensialını, habelə ümumilikdə onun rolunu və əhəmiyyətini artırmağa imkan verəcək", - Mustafayev əlavə edib.