...

Şəkinin inkişafının prioritet istiqamətlərinin maliyyələşdirilməsi üçün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2011 15:16 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunda sahibkarlıq subyektlərinin prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayıb.
Şəkinin inkişafının prioritet istiqamətlərinin maliyyələşdirilməsi üçün sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

Cümə günündən etibarən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəki rayonunda sahibkarlıq subyektlərinin prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbuluna başlayıb. Bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Azərbaycan Prezidentinin 2009-cu il 14 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş 2009-2013-cü illərdə ölkə regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq fevralın 25-də Şəki rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" adlı tədbir keçirilib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün bu təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- gündəlik istehsal gücü 10 ton olan müasir çörək zavodunun yaradılması;

- illik istehsal gücü 6 min ton olan müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması.

"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün: Sahibkarlığa Kömək Milli Fondu

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 432-39-69

Xəbər lenti

Xəbər lenti