Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Ü.İsmayılova/
Fevralda Bakının avtomobil bazarında təklif 17,2 faiz azalıb. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən (İB) cümə günü verilən məlumatda deyilir.
Məlumatda bildirilir ki, kəskin azalmasına baxmayaraq, təkliflərib bazarda hələ də real tələbdən yüksək olması tendensiyası müşahidə olunur.
Həmçinin ay ərzində alqı-satqı müqavilələrinin bağlanmasında azalma dinamikası da müşahidə edilib, lakin bu, qiymətlərə ciddi təsir göstərməyib. Belə ki fevralda qiymətlər yanvara nisbətən 0,2 faiz azalaraq orta qiymət 15 071 dollara düşüb.
Fevralda avtomobil bazarında passivlik əmlakın 60 gündən artıq olan satış müddətinə təsir edib ki, bu da öz növbəsində bazarda risk səviyyəsinin artmasına gətirib çıxarıb.
Fevral ərzində təşkilat təkrar avtomobil bazarında monitorinq aparıb, bu zaman 9450-dən artıq avtomobil araşdırma predmeti olub ki, onların yalnız 29,4 faizi ötən ay bazara çıxarılıb, yerdə qalan 70,6 faiz əvvəlki aydan qalıb. Buna səbəb alıcılıq qabiliyyətinin azalması və tələbin kəskin aşağı düşməsidir. Əvvəlki aylarla müqayisədə köhnə avtomobillərin bazara kütləvi axını son iki ay ərzində nəzərəçarpacaq dərəcədə azalıb ki, bu da təklif əmsalının kəskin aşağı düşməsi ilə bağlıdır.
Təkrar avtomobil bazarında liderlik mövqeyini qoruyub saxlayan "Mercedes" markalı avtomobillərə təklifin həcmi fevralda yanvara nisbətən 11,5 faiz azalıb. Bazarda bu markadan olan avtomobillərin payı 32,8 faiz təşkil edir.
Ümumilikdə, bazar portfelində 9 məşhur markanın təklif üzrə payı 88,3 faiz təşkil edib. Yerdə qalan 11,7 faiz isə 20-dən artıq şirkətin istehsalı olan 80-dən çox avtomarka arasında bölünür.