Azərbaycan, Bakı, 10 mart /Trend/
Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri - "Atəşgah" SŞ peşəkar jurnalistlər üçün "İstehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın sosial aspekti" mövzusunda elan etdiyi yazı müsabiqəsinə yekun vurub. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
Müsabiqənin qalibləri QafqazINFO.az və Milli.Az xəbər portallarının əməkdaşları Vüqar Haqverdiyev və Nigar Məmmədli oldu.
Qaliblər "Atəşgah" sığorta şirkəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı.
16 fevral 2011-ci il tarixində elan olunan müsabiqə 2 nominasiyada keçirildi:
- Ən yaxşı məqalə
- Ən yaxşı müsahibə
Müsabiqəni keçirməkdə məqsəd ən yaxşı jurnalist işlərinin təşviqi və seçimi, mətbuat nümayəndələrinin peşəkar səviyyəsinin yüksəldilməsi, cəmiyyətin diqqətini "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna yönəltmək və bu sahədə maarifləndirmə işinin aparılması idi.
Azərbaycan və rus dillərində yazılan jurnalist işləri informasiya dolğunluğu, obyektivlik, problemin işıqlandırılması səviyyəsi kimi kriteriyalarla qiymətləndirildi.
"Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb.
Atəşgah Sığorta Qrupuna "Atəşgah" ASC SŞ, "Atəşgah Həyat" ASC SŞ və "İntermed" Tibb Klinikası daxildir.
2010-cu ilin nəticələrinə əsasən "Atəşgah" SŞ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,57 mln. manat, ödənişləri isə 5,26 mln. manat təşkil etmişdir.
"Atəşgah" Sığorta Şirkəti müştərilərinə 20-dən çox sığorta xidməti təklif edir.