...

"AtaTurizm" MMC-nin dəstəyi ilə "Chinar Hotel & Spa Naftalan" kompleksinə infotur təşkil olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2011 16:49 (UTC +04:00)
"Chinar Hotel & Spa Naftalan" kompleksinin açılışından sonra onun imkanlarının tanıdılması istiqamətində bir sıra tədbirlər görülməyə başlanmışdır.
"AtaTurizm" MMC-nin dəstəyi ilə "Chinar Hotel & Spa Naftalan" kompleksinə infotur təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend/

"Chinar Hotel & Spa Naftalan" kompleksinin açılışından sonra onun imkanlarının tanıdılması istiqamətində bir sıra tədbirlər görülməyə başlanmışdır. Belə tədbirlərdən biri 05-06 mart tarixlərində "Chinar Hotel & Spa Naftalan" kompleksinə 30-dan artıq turizm agentliyinin və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə kompleksə infotur təşkil olunmasıdır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və "AtaTurizm" MMC-nin dəstəyi ilə baş tutmuş infotur zamanı dəvət olunanlara Chinar Hotel & Spa Naftalan kompleksi və Naftalan müalicəsi haqqında məlumat verilmişdir. Kompleksin baş həkimi Çingiz Hacıyev infotur iştirakçılarını hörmətlə qarşılayaraq bildirdi ki, hazırda müasir tələblər səviyyəsində fəaliyyət göstərən kompleks 1984-cü ildə "Çinar" sanatoriyası adı ilə fəaliyyətə başlamışdır. 2007-ci ildə sanatoriyada təmir işlərinə başlanılmış, əvvəllər 560 nəfərin qala bildiyi otaqlar birləşdirilərək 350 yerlik edilmişdir. Hazırda kompleks tibb və hotel bölməsindən ibarətdir. Tibb bölməsində poliklinika, diaqnostika, fizioterapiya və SPA mərkəzləri fəaliyyət göstərir. Poliklinikada terapiya, nevrologiya, kardiologiya, dermatologiya,dietologiya, ginekologiya, urologiya, qulaq-burun-boğaz, stomatologiya otağı var. Naftalan müalicəsi üçün kompleksə müraciət edənlər əvvəlcə poliklinikada müayinədən keçirilir, xəstənin Naftalan müalicəsi zamanı əks göstərişlərin baş verib verməyəcəyi müəyyənləşdirilir. Əgər Naftalan müalicəsinə əngəllər yaradan xəstəliklər aşkar olunarsa, bu halda xəstə müalicə olunur.

Kompleksin diaqnostika mərkəzi texniki imkanlarına görə paytaxtdakı tibb müəssisələrindən geri qalmır. Burada ən müasir avadanlıqlarla təchiz edilmiş rəqəmli rentgenoqrafiya, flüoroskopiya, ultrasəs müayinəsi, exo doppler, tibbi laboratoriya otaqları var.

Chinar Hotel & Spa Naftalan kompleksinin tibb bölməsinin fizioterapiya mərkəzində Naftalan terapiya, elektro terapiya, lazer terapiya, ultrasəs terapiya, maqnito terapiya, şok dalğa terapiya, hidro terapiya, tibbi masaj, traksiya, müalicəvi bədən tərbiyəsi yolu ilə müalicə almaq mümkündür. Naftalan terapiya şöbəsində 28 ədəd Naftalan vannaları mövcuddur.

Mərkəzləşdirilmiş sistem vasitəsilə 36-38 dərəcə temperaturda Naftalan nefti vannalara doldurulur. Xəstə vanna otaqlarına həkimin nəzarəti altında daxil olur. Naftalan vannası qəbulu zamanı xəstə özündə əks-göstərişlər hiss edərsə, çağırış düyməsini basmaqla həkimə məlumat verə bilər. Müalicə zamanı heç bir əskiklik olmadığı halda xəstə, 10 dəqiqə vannada qaldıqdan sonra çıxıb təmizlənir.

Naftalan nefti ilə normal müalicə kursu 21 gündür. Bu müddət ərzində 12-14 dəfə vanna qəbul etmək tələb olunur. Naftalan nefti hərəkət-dayaq sistemi, sinir sistemi, qulaq-burun-boğaz, uroloji, ginekoloji, periferik damar xəstəlikləri üzrə 70-dən çox xəstəliyi müalicə etməyə imkan yaradır.

Chinar Hotel & Spa Naftalan kompleksinin baş həkimi Çingiz Hacıyev kompleksin hotel bölməsi haqqında da infotur iştirakçılarına geniş məlumat verdi. O, bildirdi ki, hoteldə 1 Royal suite, 6 Deluxe rooms, 4 Suites, 100 Superior rooms, 59 Standard rooms olmaqla 170 yaşayış otağı var. Otaqlarda 81 ekran LCD TV, mini bar, seyf, WIFI internet , telefon və s. mövcuddur. Kompleksdə İsveç masası sistemi ilə çalışan "Sapfir" restoranı, "Lobby" kafe-bar, "Vitamin" bar və "Paradis" bar fəaliyyət göstərir. Həmçinin toplantıların keçirilməsi üçün "Sədəf" və "Berif" iclas zalları qonaqların ixtiyarına verilir.

Kompleksin daxilində internet klub, gözəllik salonu, mini market, hədiyyələr mağazası, uşaq bağçası, stolüstü oyunlar otağı,bərbərxana, hovuz, türk hamamı, sauna fəaliyyət göstərir. Ölkəmizin ən iri banklarından olan "AtaBank" ASC-nin Naftalan filialı kompleksdə yerləşir. Həmçinin burada "AtaTurizm" şirkətinin ofisi açılmışdır ki, bu da gediş-gəlişin asanlaşdırılması və ətraf rayonlara turların təşkil edilməsi məqsədini daşıyır.

Chinar Hotel & Spa Naftalan kompleksi 20 hektar bir ərazidə yerləşir. Kompleksin həyətyanı sahəsi yaşıllıq içərisindədir. Ərazidə qonaqların dincəlmələri və əylənmələri üçün gəzinti yolları, skamyalar, idman meydançası, uşaq oyun parkı mövcuddur. Heykəltaraş Azad Əliyevin müəllifi olduğu heykəllər isə kompleksin həyətinə başqa bir gözəllik bəxş edir. Heykəllər qədimdə Naftalan neftinin daşınmasını və onunla müalicəni özündə əks etdirir.

Kompleks qonaqları qarşılamaq üçün Mercedes, Volksvagen və Hyundai markalı avtobuslara malikdir. Həmçinin qonaqların həyətyanı gəzintidə istifadə etmələri üçün qolf avtomobilləri, velosipedlər, elektrik arabaları alınmışdır.

Chinar Hotel & Spa Naftalan iki avtomobil dayanacağına malikdir. Dayanacaqlardan biri 300 ədəd, digəri isə 30 ədəd avtomobil saxlamağa imkan verir. Kompleksin bütün ərazisinə kameralar vasitəsilə nəzarət olunur.

Chinar Hotel & Spa Naftalan kompleksində qış mövsümü ilə əlaqədar olaraq hazırda 120 nəfər çalışır. Yay mövsümündə isə kompleksdə 180 nəfər işlə təmin olunacaqdır. Hoteldə Rusca, ingiliscə, almanca, ərəbcə, fransızca və Tay dilində danışa bilən işçilər çalışır.

İnfotur zamanı "Naftalan nefti Azərbaycanın milli sərvətidir" adlı seminar keçirildi. Seminarda kompleksin tibb və hotel bölümü haqqında geniş məlumat verildi. Çıxışlardan sonra turizm agentliklərinin nümayəndələrinin sualları cavablandırıldı. Bildirildi ki, kompleksə xəstələrin asan transferi üçün imkanlar dəyərləndirilir. Gəncə hava limanından xəstələrin qarşılanıb kompleksə gətirilməsində problem yoxdur, sadəcə Gəncəyə beynəlxalq reyslərin artırılmasına ehtiyac var. Bakıdan isə xəstələrin gətirilməsi vaxt itkisinə və əlavə xərclərə səbəb olur. Bu kimi çətinlikləri aradan qaldırmaq üçün Naftalandakı hava limanının fəaliyyətinin bərpa olunması və birbaşa reyslərin açılması nəzərdən keçirilir. Həmçinin Chinar Hotel & Spa Naftalan kompleksi dünyanın ayrı-ayrı ölkələrində keçiriləcək turizm sərgilərində iştirak etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti