Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir Ü.İsmayılova/
2010-cu ilin fəaliyyət yekunları üzrə Azərbaycan sığorta şirkəti "Azərqarant" ASC-nin aktivləri ilin əvvəlindəki 3,587 milyon manata qarşı 4,416 milyon manat təşkil edib. Bu barədə şirkətin çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.
Şirkətin maliyyə hesabatının auditi "Eskort" MMC tərəfindən aparılıb.
Bu müddət ərzində şirkətin uzunmüddətli aktivləri 39,69 min manat, qısamüddətli aktivləri isə 4,376 milyon manat təşkil edib. Ötən ilin sonunda şirkətin depozit hesabları 3,21 milyon manat təşkil edib. İlin əvvəlində bu göstərici 2,94 milyon manat olub.
İlin sonunda şirkətin məcmu kapitalı ilin əvvəlindəki 3,269 milyon manata qarşı 4,005 milyon manat təşkil edib. Şirkətin nizamnamə kapitalı il ərzində 20,7 faiz artaraq 3,26 manata çatıb. Şirkətin xalis gəliri 21,346 min manat, digər kapital ehtiyatları 724,278 min manat olub.
Şirkətin uzunmüddətli öhdəlikləri 10,598 milyon manat, qısamüddətli öhdəlikləri 410,509 min manat təşkil edib. Şirkətin ilin sonuna qısamüddətli öhdəlikləri olmayıb, halbuki ilin əvvəlində bu göstərici 2,295 min manat olub. Kapital və öhdəliklər ümumilikdə, 4,416 milyon manat təşkil edib.
Ötən ilin yekunları üzrə şirkətin gəlirləri 1,219 milyon manat, o cümlədən sığorta üzrə 585,363 min manat, təkrarsığorta üzrə 307,387 min manat təşkil edib. Şirkətin investisiya qoyuluşları üzrə gəlirləri 403,788 min manat olub. Təkrarsığortanın sığorta ödənişlərində payı 1,135 min manat, təkrarsığorta müqavilələri üzrə faizlər 8,014 min manat təşkil edib.
2010-cu ildə şirkətin xərcləri 685,531 min manat, o cümlədən sığorta ödənişləri üzrə 75,066 min manat, təkrar sığorta ödənişləri üzrə 33,804 min manat təşkil edib.
Şirkətin maliyyə gəliri 533,657 min manat, kapitala yönələn gəlir 506,974 min manat, vergiqoymadək olan gəlir 26,682 min manat təşkil edib.
2010-cu ildə şirkət 4,444 min manat məbəlğində mənfəət vergisi, 39,465 min manat gəlir vergisi, 72,03 manat ödəniş mənbəyi vergisi (4 faiz), 21,141 min manat sosial sığorta və təminat vergisi, 1,9 min manat icbari ödənişlər (0,3 faiz), 232,32 manat əmlak vergisi ödəyib.
"Azərqarant" sığorta şirkəti sığorta bazarında 1993-cü ildən fəaliyyət göstərir.
Martın 29-na olan rəsmi məzənnə 0,7929 AZN/USD təşkil edir.